İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron diplom sistemi niyə vacibdir? - Təhsil eksperti səbəbləri açıqladı

587 02.07.2026 10:45 Təhsil A A

Məlum olduğu kimi Azərbaycanda ali təhsil sistemində mühüm yeniliklərdən biri kimi universitet məzunlarına diplomların elektron formatda təqdim olunmasına başlanılır. Yeni qaydaya əsasən, məzunlar təhsil sənədlərini kağız daşıyıcıda deyil, rəqəmsal formada əldə edəcəklər. Bu addım təhsil sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və sənəd dövriyyəsinin sadələşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Qeyd edək ki, indiyədək Azərbaycanda ali təhsil müəssisələrində diplomlar əsasən fiziki formada hazırlanaraq məzunlara təqdim olunurdu. Diplom blanklarının çapı, məlumatların dəqiqləşdirilməsi, təsdiqlənməsi, qeydiyyatı və digər inzibati prosedurlar səbəbindən sənədlərin təqdim edilməsi bəzən aylarla vaxt aparırdı. Elektron diplom sisteminin tətbiqi isə bu prosesin daha operativ, çevik və şəffaf təşkil olunmasına imkan yarada bilər.

Bəs diplomların elektron formada təqdim olunması nə dərəcədə effektiv qərardır? Bu yenilik məzunların işə qəbul, xaricdə təhsil və digər rəsmi prosedurlar zamanı qarşılaşdıqları bürokratik maneələri azalda biləcəkmi?

Eyni zamanda, fiziki diplom blanklarından imtina edilməsinin hansı üstünlükləri və riskləri var?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Musavat.com-a danışıb. Ekspert bu məsələyə müsbət yanaşdığını deyib:

"Bu məsələ ilə bağlı mənim mövqeyim birmənalı olaraq müsbətdir. Çünki yaşadığımız dövr elə bir mənzərə yaradır ki, artıq həyatın bütün sahələrində rəqəmsallaşma ilə ayaqlaşmaq zərurətə çevrilib. Bu yanaşma xüsusi əhəmiyyət daşıyan sənədlərin təqdimatında da öz əksini tapmalıdır. İllər boyu diplomları yalnız ənənəvi, fiziki formada əldə etmişik. Əslində isə düşünürəm ki, məhz həmin format daha çox risk yaradırdı. Diplom itə, zədələnə və ya yararsız hala düşə bilirdi. Bununla bağlı müxtəlif problemlər yaşanırdı. Şəxsən mənim qohumlarım arasında da belə hallarla üzləşənlər az olmayıb. Sonradan həmin sənədlərin bərpası və ya təsdiqlənməsi üçün əlavə prosedurlar ortaya çıxır, müəyyən çətinliklər yaranırdı. Bu baxımdan hesab edirəm ki, sənədlərin texnologiyanın imkanlarına həvalə olunması müsbət addımdır. Belə olduqda insanlar fiziki sənədlərlə müqayisədə daha az risklə qarşılaşırlar".

Ekspert qeyd edib ki, elektron sistemlərdə də texniki nasazlıqlar yarana bilər və müəyyən məlumatların itirilməsi riski nəzəri olaraq mövcuddur:

"Lakin mənim qənaətimə görə, bu cür problemlər bərpa oluna bilən xarakter daşıyır. Bu barədə daha dolğun rəyi İT və kiber təhlükəsizlik mütəxəssisləri verə bilərlər. Ancaq məsələnin təhsil tərəfinə baxdıqda, elektron qaydada təqdim olunan diplomların bir çox istiqamətlərdə prosesi xeyli sadələşdirdiyi aydın görünür. Əvvəlki prosedurları xatırlayaq. Universiteti bitirən şəxs diplomunu əldə etmək üçün aylarla gözləməli olurdu. Bu müddətdə işə müraciət etmək istədikdə universitetdən təhsil aldığını təsdiqləyən arayış almağa məcbur qalırdı ki, onu iş yerinə təqdim edə bilsin. Eyni vəziyyət hərbi xidmət və ya digər rəsmi prosedurlarla bağlı da yaşanırdı. Diplomun hazırlanması və təqdim olunması bəzən uzun zaman aparırdı. Məhz buna görə düşünürəm ki, elektron diplom sistemi vacib və zəruri mexanizmdir. Bəli, rəqəmsal dünyanın da öz boşluqları, təhlükəsizliklə bağlı həssas məqamları var və bunlar gələcəkdə də olacaq. Lakin müasir dövrün tələbləri artıq bu istiqamətdə hərəkət etməyi zəruri edir. Şəxsən mən rəqəmsal formata keçidin tam tərəfdarıyam və hesab edirəm ki, bu addım həm vətəndaşların işini asanlaşdıracaq, həm də təhsil sistemində operativliyi və şəffaflığı artıracaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR