Real Partiyasının sədri Natiq Cəfərli TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində YAP-çı deputat Elman Nəsirovla Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev mövzusunda mübahisə edib.
Musavat.com xəbər verir ki, N.Cəfərli Milli Şura, Milyarderlər İttifaqı ilə bağlı 2013-cü ildən bəri mətbuatda xeyli müzakirələrin getdiyini xatırladıb.
O, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Müsavat Partiyası rəhbərliyi tərəfindən bu məsələnin dəfələrlə gündəmə gətirildiyini deyib:
“Mətbuatın arxivlərindən bunu tapmaq mümkündür. Niyə o zaman araşdırılmırdı? Bəyəm Ramiz Mehdiyev o qədər böyük, dağ kimi adam idi ki, onunla bağlı heç kim araşdırma apara bilmirdi? Ramiz Mehdiyevin fəaliyyətini 2019-cu ilə qədər və 2019-cu ildən sonrakı dönəm olaraq götürsək, ortaya belə mənzərə çıxır: deyirdilər ki, daxili siyasətin dizayn olunmasında rol alıb. Məsələn, bu və ya digər məmuru çağırıb deyəcəklər ki, sən 2017-ci ildə Ramiz Mehdiyevlə görüşmüsən? Onda o da deyəcək ki, Mehdiyev ölkənin ikinci adamı idi, çağırıb və getmişəm. Olsun müxalifət lideri. Əli Kərimlini Mehdiyevlə görüşməsi cinayətdirmi öz-özlüyündə? Deyil.Əgər belə bir fakt varsa, bu, ancaq onu göstərir ki, Kərimov illərdir yalan danışır. Bu yalanı da sandıqda, seçkidə basdırmaq lazımdır”.
E.Nəsirov isə cavabında bildirib ki, hazırda istintaq Mehdiyevin 2019-cu ildən sonrakı fəaliyyətini araşdırır. Amma eyni zamanda istintaq çərçivəsində Əli Kərimlinin evindən tapılan sənədlər həm də Mehdiyevin yüksək post tutduğu dövrə qayıtmaq məsələsini gündəmə gətirir:
“Əgər əvvəllər istintaq son 6 ili araşdıracaqdısa, indi Kərimlinin həbsi fonunda yeni faktlar üzə çıxıb. Həmin dövrə qayıdış fonunda kiminsə Mehdiyevlə görüşü cinayət deyil. Amma bu görüş fonunda başqa məsələlər, anlaşmalar, planlar ortaya çıxarsa, o zaman araşdırma mövzusu olacaq”.
Söhbətin bundan sonrakı hissəsində isə tərəflərin dinamik polemikası davam edib:
N.Cəfərli: Baş Prokurorluq iki cümləlik aydınlaşdırma versəydi, cəmiyyət üçün bir çox sualların cavabı üzə çıxardı.
E.Nəsirov: Siz narahat olmayın, istintaq öz axarı ilə davam edir.
N.Cəfərli: Mən niyə narahat oluram ki? Ramiz Mehdiyev 25 ildir ki, sizin kadrınız idi.
E.Nəsirov: İndi aydın olur ki, 25 illik kadrımızın müxalifətlə əlaqələri olub.
N.Cəfərli: O da sizin müxalifət olub da. Onun bizə nə dəxli var? 25 il iqtidar-müxalifət oyunu oynamısız onlarla. İndi görürsüz ki, alınmır, birini şişirdirsiz, o birini kiçildirsiz.
E.Nəsirov: Mən çox arzulayardım ki, o fəaliyyət orbitinə, istintaqa sizin Real Partiyası daxil olmasın.
N.Cəfərli: Heç narahat olmayın. Nə Milli Şurada olmuşuq, nə hər hansı görüşlərdə, nə də ittifaqlarda. Çünki biz o vaxt da görürdük ki, kənarda çox gözəl iqtidar-müxalifət oyunu oynayırsız.
Söhbətin geniş versiyasi aşağıdakı linkdə:
Musavat.com






