İranın ali dini lideri Əli Xamenei Qərb sivilizasiyasını sərt tənqid edib. O, “mənəvi pozğunluq adası” ifadəsi ilə ABŞ-da geniş rezonans doğuran Ceffri Epşteyn qalmaqalına işarə edərək bildirib ki, bu hadisə Qərb liberal demokratiyasının mahiyyətini ortaya qoyub.
Musavat.com xəbər verir ki, Əli Xamenei özünün “X” sosial şəbəkə hesabında yazıb ki, “mənəvi pozğunluq adası” haqqında üzə çıxan faktlar Qərb sivilizasiyasının və liberal dəyərlərin əsl simasını göstərir. Onun sözlərinə görə, cəmi 200–300 illik tarixi olan bu sivilizasiyanın gəlib çıxdığı nəticə məhz budur.
İran lideri əlavə edib ki, Epşteyn qalmaqalı yeganə hadisə deyil və buna bənzər daha çox faktlar mövcuddur. “Necə ki, bu məsələ uzun müddət gizlədildi və sonra ifşa olundu, tezliklə başqa məqamlar da üzə çıxacaq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, 2008-ci ildə fahişəliyin təşkilində günahını etiraf edən və yetkinlik yaşına çatmayan bir şəxslə bağlı cinsi cinayətdə məhkum olunan Epşteyn 2019-cu ilin yayında ABŞ-da yenidən həbs edilmişdi. Ona 14 yaşlı qızlar da daxil olmaqla azyaşlıları fahişəliyə cəlb etmək ittihamı irəli sürülmüşdü. Həmin ilin avqustunda isə 66 yaşlı milyarder rəsmi məlumatlara görə, məhkəməni gözlədiyi həbsxanada intihar edib.
2026-cı ilin yanvar ayının sonunda ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı əlavə 3 milyon səhifə sənəd, 2000-dən çox video və 180 min fotoşəkil yayımlayıb. Materialların bir hissəsi qurbanların şəxsi məlumatlarını qorumaq məqsədilə redaktə olunub.
Fevral ayında isə ABŞ-ın baş prokuroru Pam Bondi sənədlərdə adı keçən 300 məşhur və siyasətçinin siyahısını açıqlayıb. Həmin siyahıda Bill Klinton, Hillari Klinton, Barak Obama, Mişel Obama, Kamala Harris, Co Bayden, şahzadə Harry, Bill Qeyts, Vudi Allen, Mark Zuckerberg və Beyons kimi tanınmış simalar yer alır.
E.Məmmədəliyev
Musavat.com






