Bakıda məhkəməsi keçirilən Ruben Vardanyana prokurorun ömürlük həbs cəzası verilməsini tələb etməsi Vardanyanın pullarından qidalanan Ermənistandakı və Rusiyadakı bir sıra şəxslərin, media quruluşlarının vay-şivən salmasına səbəb olub. Baş nazir Nikol Paşinyanı Rubenin Ermənistana verilməsi üçün heç bir hərəkət etməməkdə ittiham edirlər. Ruben Vardanyanı Paşinyana əsas rəqib kimi sırımağa çalışırlar.
Məsələ ilə bağlı Musavat.com-a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ruben Vardanyan bu gün Ermənistan siyasətində çoxlarının istifadə etdiyi bəhanə “fiqura” çevrilib. Müxalifət Vardanyandan Ermənistanda Nikol Paşinyana qarşı mübarizədə istifadə edir.
Siyasi şərhçi həmçinin deyib ki, eyni zamanda bu gün Ermənistanda hakimiyyətin apardığı sülh prosesinə qarşı çıxış edən müəyyən beynəlxalq dairələr də Vardanyandan bir alət kimi istifadə edirlər. Beləliklə, həm Paşinyanın ölkə daxilindəki müxalifləri bu şəxsin adını daim ortalığa atmağa çalışırlar, həm də Ermənistanı sülh prosesindən kənarlaşdırmaq istəyən bəzi xarici dairələr bu amildən istifadə edirlər: “Təsadüfi deyil ki, Azərbaycanda prokurorun ömürlük həbs cəzası verilməsini təklif etməsini Rusiyada bir sıra saytlar günün əsas hadisəsi, günün əsas xəbəri kimi təqdim eləməyə çalışdılar. Hətta bəzi Avropa media quruluşları da Rubenə Azərbaycanda prokurorun ömürlük həbs tələb etməsini az qala ana xəbərə çeviriblər. Bunlar onu göstərir ki, həm Ermənistanda sabitliyin olmağında maraqlı deyillər, həm Paşinyanın Azərbaycanla sülh prosesini ardıcıl aparmasını istəmirlər və prosesi pozub bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu istəklərin baş tutması bir sıra real amillərə görə mümkün deyil. Ermənistanla Azərbaycanın münasibətinin hər hansı bir formada olmasından asılı olmayaraq Ruben Vardanyanın cinayətləri istintaqda sübut olunub və o, məhkəmə tərəfindən lazımi cəzasını alacaq və cəzanı çəkəcək”.
A.Quliyev qeyd edib ki, ona görə də hansısa erməninin və ya xarici dairələrin Vardanyanın azad olunması perspektivindən danışması yersizdir: “Əslində Vardanyan uğursuzluğuna görə Ermənistan cəmiyyətində nüfuzunu itirib. Hipotetik olaraq Vardanyanın Ermənistana verilməsini düşünsək belə, Moskva və ya daxildəki hansısa qüvvələr ondan bir fiqur kimi istifadə eləmək fikrinə düşsələr də bu da uğursuz olacaq”.
Etibar Seyidağa,
Musavat.com






