İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müharibəyə “yox”dedi -Sülh müqaviləsi tezləşəcəkmi?

468 08.06.2026 12:09 Siyasət A A

Ermənistanda kritik parlament seçkiləri baş tutdu. Gözlənildiyi kimi, möcüzə olmadı. Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası səslərin əksəriyyətini qazandı. Rusiyanın təhdid-şantajları işə yaramadı. Səsvermə günü Paşinyan bəyan edib ki, seçkilərdən sonra Moskva, Vaşinqton və Brüsselə səfərlər edəcək. O, Bakıya gedəcəyini də deyib. Bəs Azərbaycanla sülh müqaviləsinin yolunun açıldığını söyləmək olarmı?

Ermənistan parlamenti sabah Baş nazir seçməlidir - BBC News Azərbaycanca

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, parlament seçkilərinin nəticələri ilk növbədə Ermənistan cəmiyyətinin mühüm hissəsinin son dövrlərdə hakimiyyətin irəli sürdüyü sülh gündəliyinə və regional kommunikasiyaların açılması strategiyasına tərəfdar olduğunu təsdiqlədi: “Ermənistan cəmiyyəti müharibə tərəfdarlarına, müharibə partiyasına, müharibə cinayətkarı Robert Köçəryana “yox” dedi, onları hakimiyyətdə görmək istəmədiyini nümayiş etdirdi. Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə üstünlük qazanması onu deməyə əsas verir ki, Ermənistan seçicilərinin əhəmiyyətli hissəsi ölkənin təhlükəsizlik və inkişaf modelinin Paşinyanın göstərdiyi model olmasını istəyir. Paşinyanın seçkilərdən sonra verdiyi açıqlamalar da məhz bu xəttin və sülhün davam etdiriləcəyinə işarə edir. Paşinyanın Azərbaycana səfər edəcəyini deməsi sülhün geridönməz proses olduğunun təsdiqidir. Onun Ermənistanın sülhə, regional əməkdaşlığa və qonşularla münasibətlərin normallaşdırılmasına sadiq qaldığını vurğulaması seçki kampaniyasında səsləndirdiyi əsas tezislərin təsdiqi kimi qiymətləndirilə bilər”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyəyə ünvanlanan mesajlar da göstərir ki, İrəvan regionda yeni siyasi və iqtisadi reallıqları qəbul edən yanaşmanı davam etdirmək niyyətindədir: “Seçkinin nəticəsi sülh yolundakı əngəllərin xeyli təmizlənməsi deməkdir. Düzdür bu, o demək deyil ki, avtomatik olaraq Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Ancaq şübhəsiz ki, seçkinin nəticələri sülh müqaviləsinin imzalanmasını tezləşdirəcək. Sülh müqaviləsinin imzalanması təkcə hökumətin iradəsindən deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesi qəbul etməsindən asılı olan məsələdir. Cəmiyyətin əhəmyyətli hissəsi isə seçkidə iradəsini nümayiş etdirdi. Bu sülh tərəfdarı olmaq istəyinin ifadəsidir. Elə buna görə də Paşinyan “indi sənədin imzalanmasına keçmək lazımdır” bəyanatı verdi”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR