İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan dönən İlyas Hüseynovdan maraqlı açıqlamalar

8403 16.02.2026 12:58 Gündəm A A

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri quru sərhədinin delimitasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gediblər. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13-14 fevral tarixlərində İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli dəyirmi masa görüşü keçirilib.

Azərbaycan nümayəndə heyətində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov da yer alıb.

Musavat.com-a danışan ekspert səfərlə bağlı deyib ki, beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə Ermənistandan olan iştirakçılarla qarşılaşsa da, bu səfər tamamilə fərqli idi:

“ “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində bundan öncə keçirilən görüşlərdə Azərbaycan və Ermənistan tərəfdən 5 nəfər iştirak edirdi. Bu səfərdə iştirakçıların sayı genişləndi, vətəndaş cəmiyyəti üzvlərinin İrəvan və Bakıda keçirdiyi görüşlərin davamı olaraq, qeyri-hökumət təşkilatlarının, ekspert icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birlikdə Qazax istiqamətində Ermənistan sərhədini keçdik. Qazaxın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsini keçməklə sülh istiqamətində tarixi prosesin iştirakçısına çevrildik. Bu sərhəd keçidi etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım oldu və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə inkişafının göstəricisidir. Vətəndaş cəmiyyəti üzvlərinin görüşü Tsaxkadzor şəhərində keçirilirdi”.

İ.Hüseynov bildirib ki, cəmiyyətləri narahat edən məsələləri gündəmə gətirmək səfərin əsas mahiyyəti olub:

“İkitərəfli dəyirmi masa çərçivəsində müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin cari mərhələsinə və gələcək inkişaf istiqamətlərinə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrasına və bunun region üçün nəticələrinə həsr olunmuşdu. Dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı erməni həmkarlarla fikir mübadiləsi apardıq”.

Sülh Körpüsü” Təşəbbüsünün Ermənistan-Azərbaycan konfransının yekunlarına  dair mətbuat açıqlaması yayılıb

Sektor müdiri bildirib ki, səfər çox sıx qrafikdə olub:

“Səhər saat 6-dan etibarən bizim görüşlər həyata keçirilirdi. Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirdik. Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı məsələlər də geniş müzakirə olundu, hər iki tərəfin baxışları və gözləntilərini konstruktiv mühitdə ifadə edildi. Eyni zamanda, əməkdaşlıq, o cümlədən birgə layihələr, ictimai kommunikasiya strategiyaları və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərini müzakirə etdik. Dialoq zamanı davamlı sülhün üstünlükləri yenidən nəzərdən keçirildi və Azərbaycanla və Ermənistan cəmiyyətləri arasında münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydaları diqqətə çatdırıldı. Proqram çərçivəsində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçirdik və onlara müvafiq suallar ünvanladıq və hər iki cəmiyyətdə ictimai gözləntiləri və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yollarını müzakirə etdik”.

Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başa çatıb:

“Daha sonra delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıtdıq, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım oldu. Hesab edirəm ki, “Sülh Körpüsü” formatında müntəzəm əməkdaşlıq qarşılıqlı etimadın gücləndirilməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin mərhələli normallaşmasına əhəmiyyətli töhfə verə bilər”.

Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iki görüşü keçirilib. Görüşlərdən biri İrəvanda, digəri isə Bakıda baş tutub.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR