İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı Rusiyadan “boşadacaq” il: 2026 – İrəvanın qəliz seçimi

1290 02.01.2026 16:16 Analitika A A

2026 yəqin ki, Rusiya-Ermənistan münasibətlərinə xeyli dərəcədə aydınlıq gətirəcək bir il olacaq. Ən azı ona görə ki, bu il qonşu ölkədə kritik parlament seçkiləri və konstitusiya referendumu ilə yanaşı, Bakı və İrəvan arasında il sülh müqaviləsinin imzalaması gözlənilir. Demək, iki xalq arasında düşmənçilik səhifəsi qapana bilər. Bu il habelə Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı həlledici addımların atılması real görünür.

Qeyd edilənlər əlbəttə ki, Moskvanın Güney Qafqaz maraqlarına daban-dabana zidd yeniliklər olardı – Kreml hələ ki, özünü o yerə qoymasa da. Odur ki, Rusiya indidən “işini” möhkəm tutmağa çalışır. O sırada özünün yaratdığı Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ard-arda İrəvana xatırlatmalar edir, ismarış-xəbərdarlıqlar göndərir, hətta hədələyir...

“Tamamilə aydındır ki, Ermənistanın, eləcə də digər üzv ölkələrin etibarlı təhlükəsizliyi məhz KTMT ilə bağlıdır”.

Bu açıqlamanın müəllifi Rusiyanın xarici işlər naziri Mixail Qaluzindir.

Rus diplomat şübhəsiz, blef edir. Çünki Ermənistanın təhlükəsizliyi KTMT-dəki üzvlüyə yox, özəlliklə iki vazkeçilməz qonşu – Azərbaycan və Türkiyə əlaqələri normallaşdırmağa bağlıdır. Bunu indi hamıdan yaxşı elə Baş nazir Nikol Paşinyan anlayır. Əlbəttə, başı daşdan-daşa dəyəndən sonra. O səbəbdən Paşinyan neçə vaxtdır Bakı və Ankara ilə “sıfır problem” kursunu irəli aparmağa çalışır.

KTMT isə müstəsna olaraq, Moskvanın özünə gərəkdir, nəinki blokun başqa üzv dövlətlərinə. Paradoks da budur ki, hazırda postsovet ölkələrinə ən böyük təhlükə məhz Rusiyadan qaynaqlanır. Elə isə onunla bir blokda olmaq hansı təhlükəsizlik zəmanəti yarada bilər görəsən?..

Sirr deyil ki, Ermənistan adı çəkilən bloka müstəsna olaraq Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün qoşulmuşdu. Rusiya bu məsələdə ona illərlə arxa-dayaq olub. 2 milyarda yaxın havayı silah-sursat da verib. Bir şərtlə ki, simvolik erməni dövləti onun orbitində qalsın.

Eyni səbəbdən və üstəgəl, Moskvanın məqsədli şəkildə, daim körüklədiyi “Türk xofu”na görə İrəvan Türkiyə ilə sərhəddə nəzarəti ruslara həvalə edib, Gümrüdə Rusiya hərbi bazasının yerləşməsinə razı olub. Qısası, hansısa ölkənin KTMT-yə üzvlüyü böyük ölçüdə ən çox Moskvanın marağında olub – özünü dünyaya güc mərkəzi kimi göstərmək istəyən Moskvanın...

Ancaq Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edəndən sonra kapitulyant ölkədə rusa ənənəvi “ehtiyac” aradan qalxıb. Eləcə də Türkiyə xofu daha əvvəlki təsir gücündə deyil. Əksinə, Paşinyan artıq Ərdoğanın andiçmə mərasiminə qatılıb, az sonra daha bir dəfə Türkiyəyə gedib. Bundan əlavə, saxta “erməni soyqırımı” narrativi arxa plana keçib – Ermənistan hökuməti bu mövzunun xarici siyasətdə prioritet olmadığını açıq şəkildə bəyan edib və s.

Bu il isə Türkiyə-Ermənistan ikitərəfli əlaqələrin bərpası yönündə tarixi addımların atılacağı gözlənilir. Həmçinin Bakı və İrəvan arasında iqtisadi, nəqliyyat əlaqələrinin qurulması yönündə çox mühüm addımlar atılmaqdadır (Ermənistana Azərbaycan üzərindən taxılın tranziti, A İ 95 benzininin tədarükü)...

Sadalananlar təbii ki, Moskvanı rahatsız edir. Hər necə olmasa, KTMT olan-qalan mənasını da itirir, erməni cəmiyyətini Moskvaya qarşı loyal saxlamaq üçün on illərdir istifadə olunan “Türk xofu” gündəmdən çıxır, üstəgəl, Kremlin Ermənistandakı hərbi varlığının anlamı qalmır. Rusiyanın “ölü qurum”dan – KTMT-dən bərk-bərk yapışmasın əsas səbəbi bu.

Başqa yandan, əgər blokun bir üzvü (Rusiya) 4 ilə yaxındır Ukraynaya qarşı işğalçılıqla məşğuldursa, öz qonşularını vaxtaşırı hədələyirsə, normal dövlət orada, onun yanında qalarmı? Başqa bir absurd odur ki, KTMT üzvləri (Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan) hələ də Rusiyanın suveren Ukraynaya qarşı təcavüzünü nə pisləyib, nə də müharibədə Moskvaya hərbi dəstək verib.

Elə isə de-fakto kağız üzərində mövcud olan birliyə can atmağa dəyərmi? Ondansa, yaxşı olmazmı ki, Ermənistan həqiqətən onun təhlükəsizliyinə real qarant duracaq iki qonşu ilə – Azərbaycan və Türkiyə ilə barışığa nail olsun? Həm də tez. Yolu bəlli...

Analitik xidmət,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR