"Ermənistan hələ Zəngəzur dəhlizi üzrə dəmiryol və avtomobil yollarının bərpa və tikintisini layihələşdirməyib və 44 günlük müharibədən 5 il keçməsinə baxmayaraq, hələ də real işlərə başlamayıb. Belə olan halda Qazax-İcevan yolunun tezliklə bərpa olunacağına ümid o qədər də çox deyil".
Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqat Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirdi. Ekspert eyni zamanda qeyd etdi ki, bütün bunlara baxmayaraq, münasibətlərin stabilləşməsi fonunda bu məsələ də reallaşa bilər: “Hazırda Ermənistana bütün daşınmaların əksəriyyəti bir neçə ölkə ərazisindən tranzit yolla daşınır. Əlbəttə, Qazax-İcevan yolunun bərpası Azərbaycandan gələn yüklərin birbaşa, üçüncü ölkələrdən keçmədən Ermənistana daxil olmasına gətirəcək, bu isə həm vaxt, hə də qiymətə təsir edəcək. O ki qaldı delmitasiya prosesinin ləng getməsinə, fikrimcə, təəssüf ki, bu proses illərlə davam edəcək. İndiyədək yalnız 13 kilometrə yaxın sahədə bu işlərin başa çatdırıla bilib”.

S.Məmmədovun sözlərinə görə, iki inzibati vahidimizin hələ də geri qaytarılmaması onu göstərir ki, proses asan olmayacaq: "Ermənistan da iddia edir ki, guya Azərbaycan Ermənistan ərazilərinin bir hissəsini nəzarətə götürüb. Əslində isə Azərbaycan öz suveren ərazilərindən kənara çıxmayıb. Amma bütün hallarda delemitasiya prosesinə bunlar mübahisə predmeti olacaq və prosesi ləngidəcək. Ermənistanın özü-özünü blokadada saxlamasında əlbəttə, kənar təsirlər də rol oynayır. Ermənistanın daxilində olan və xarici ölkələrdən idarə olunan kilsə və müxalifət bəzi qərarların qəbuluna mane ola bilir. Həm də Ermənistanın küçədən gələn hakimiyyətində hələ də diplomatik ədəb-ərkan, dayanıqlı xarici siyasət yeritmək bacarığı formalaşmayıb. Kim Ermənistana pul təklif edir, dərhal razılaşır, bir sənəd imzalayır. Bir tərəfdən Avropa İttifaqına qoşulmaq istəyir, bu tərəfdən də Gömrük İttifaqında qalmada davam edir və s. Görünür cənab Paşınyan vaxtilə qrant almaq üçün mənimsədiyi fundraising - müxtəlif mənbələrdən qrant axtarmaq - bacarıqlarını dövlət idarəetmə sistemində də tətbiq etmək istəyir. Riskli məsələdir".
E.Paşasoy,
Musavat.com






