İlham Şaban: “Bu, uzunmüddətli müqavilə deyil, kommersiya testidir və…”
Natiq Cəfərli: “Azərbaycan addım atırsa, Ermənistan da öhdəliklərini yerinə yetirməlidir”
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatdırılıb.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, Bakıdan yola salınan, tərkibində 1 300 ton “Aİ-95” markalı Azərbaycan benzini olan yük qatarı artıq Ermənistan ərazisinə daxil olub. Onun sözlərinə görə, neft məhsulları daşıyan 22 vaqon Gürcüstan–Ermənistan sərhədini keçib. Papoyan bu hadisəni Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından sonra, eləcə də müstəqillik dövründə iki ölkə arasında həyata keçirilən ilk ticarət-iqtisadi sövdələşmə kimi qiymətləndirib.
Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi toplantısında danışan Ermənistanın baş naziri Nikol Paşinyan bu jestə görə Azərbaycan prezidentinə təşəkkür edib.

Göründüyü kimi, Ermənistan rəhbərliyi Azərbaycanın kommunikasiyaları blokdan çıxarmasına yüksək qiymət verir və məmnundur.
Lakin bu addım bir sıra sualları da gündəmə gətirib. Mümkün siyasi gərginliklərin yenidən baş verməsi fonunda bu cür ticarət əlaqələrinin nə dərəcədə dayanıqlı ola biləcəyi müzakirə olunur. Eyni zamanda, gələcəkdə Zəngəzur dəhlizinin açılması halında Azərbaycan–Ermənistan arasında ticarət dövriyyəsinin həcminin və daşınma xərclərinin necə dəyişəcəyi maraq doğurur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Musavat.com-a deyib ki, Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmasının praktik müstəvidə öz təsdiqini tapdığını göstərir. Onun sözlərinə görə, bu addım siyasi bəyanatlarla yanaşı, real iqtisadi münasibətlərin formalaşmağa başladığını ortaya qoyur.
Ekspert vurğulayıb ki, sözügedən əməliyyat sırf kommersiya əsasları üzərində qurulub və tərəflər arasında alqı-satqı müqaviləsi çərçivəsində icra olunur. Bu isə prosesin yalnız neft məhsullarının ticarəti ilə məhdudlaşmadığını, eyni zamanda nəqliyyat infrastrukturu və maliyyə mexanizmlərinin də işə düşdüyünü göstərir. İlham Şaban qeyd edib ki, yanacaq tədarükü pul ödənişi əsasında həyata keçirilir və bu, qarşılıqlı iqtisadi etimadın formalaşmasında mühüm rol oynayır.
O ki qaldı siyasi gərginliklərin yenidən baş verməsi məsələsinə, Azərbaycandan Ermənistana göndərilən 1 300 ton “Aİ-95” markalı Azərbaycan benzini birdəfəlik müqavilədir:
“Azərbaycanla Ermənistan uzunmüddətli bir müqavilə imzalamayıblar. İki kommersiya şirkəti arasında həyata keçirilən bir müqavilədir. Bunun ikinci partiyası olacaqmı, nə zaman olacaq, hansı həcmdə olacaq – demək çətindir. Bu sadəcə test idi – alınır, alınmır. Göründüyü kimi, alındı. Gələcəkdə o olacaq, bu olacaq demək fantaziyadır. Kommersiya fantaziyanı deyil, reallığı sevir. Digər tərəfdən, bu ticarət əməliyyatı Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Belə ki, Azərbaycandan neft məhsullarının idxalı Ermənistanın yanacaq bazarında yeni mənbənin meydana çıxması deməkdir və bu, idxalın şaxələndirilməsi istiqamətində atılmış ciddi addım kimi qiymətləndirilə bilər”.
O xatırladıb ki, postsovet dövründə Ermənistanın enerji və neft məhsulları bazarında Rusiyanın dominant mövqeyi olub və bu mövqe hələ də qalmaqdadır. Məhz bu baxımdan Azərbaycan məhsullarının davamlı şəkildə bazara daxil olması gələcəkdə yanacaq sektorunda rəqabətin güclənməsinə və alternativlərin yaranmasına şərait yarada bilər.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistana benzin satılması, eləcə də bu ölkəyə gedən taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə daşınması sülh quruculuğu prosesinin tərkib hissəsidir. Onun sözlərinə görə, bu addımların iqtisadi faydasından daha çox siyasi və geosiyasi əhəmiyyəti ön plandadır.
Natiq Cəfərli qeyd edib ki, bu cür təşəbbüslər iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edən konkret və praktik addımlardır. Eyni zamanda, bu proses Ermənistan tərəfi üçün də müəyyən öhdəliklər yaradır. Ekspert vurğulayıb ki, əgər Azərbaycan üzərinə düşən addımları atırsa, qarşı tərəf də analoji şəkildə öhdəliklərini yerinə yetirməlidir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaxın zamanda açılması, Azərbaycanla Türkiyə arasında, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpa olunması Ermənistanın məsuliyyətinə düşən əsas məsələlər sırasındadır.
İqtisadçının fikrincə, qarşılıqlı öhdəliklər formalaşdığı halda Ermənistan tərəfi də adekvat addımlar atmalıdır. Ümumilikdə isə bu proseslər doğru istiqamətdə atılan addımlar kimi qiymətləndirilməlidir və Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması məsələsində ardıcıl, prinsipial və dayanıqlı mövqe nümayiş etdirdiyini bir daha ortaya qoyur.
Afaq Mirayiq,
Musavat.com






