İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəddən sonrakı 1 il – Əhmədin qarşıdakı 4 ili və həll olunmalı 4 ciddi problem - UNİKAL TƏHLİL

2669 07.12.2025 12:35 Yazarlar A A


İlk yayım saatı: 06.12.2025, saat 21:45


Suriyada Bəşər Əsədin devrilməsinin ildönümü münasibətilə tədbirlər və aksiyalar təşkil olunur. Bir il əvvəl, 2024-cü il dekabrın 8-də səhər saatlarında Bəşər Əsədin paytaxt Dəməşqi tərk etdiyi və müxalif qrupların (ilk olaraq cənubdan Dəra istiqamətindən Əhməd əl-Avdanın rəhbərlik etdiyi 8-ci briqada – K.R.) şəhərə daxil olduğu xəbərləri yayıldı.

Yeri gəlmişkən, ilk xəbərlərdə Bəşər Əsədi Dəməşqdən aparan hərbi nəqliyyat təyyarəsinin Laziqiyyə vilayəti üzərində dağlıq zonada vurulduğu barədə iddialar səslənsə də, sonradan bu məlumatlar təsdiqlənmədi və Əsəd yaxın ətrafı ilə birlikdə Moskvaya qaçırıldı. Ailəsi və sərvəti ondan əvvəl Moskvaya aparılmışdı. Bu arada Suriya mənbələrinə görə, hazırda Moskva və ətrafında Əsədin yaxın çevrəsinə daxil olan 1200-ə yaxın suriyalının yaşadığı və "Moskva Siti"də ofislərdə işlədiyi bildirilir.

Musavat.com yazarı xatırladır ki, hər şey noyabrın 26-da İdlibdə məskunlaşmış radikal islamçı silahlı qrupların koalisiyası olan HTŞ (Heyət Təhrir əş-Şam – Şamın Azadlıq Heyəti) qruplaşmasının gözlənilmədən cəbhə xəttini keçərək ölkənin ikinci böyük şəhəri Hələbə hücum etməsi ilə başladı. Maraqlıdır ki, həmin gün Livanda ABŞ və Fransanın təşəbbüsü ilə atəşkəs əldə olunmuşdu.

HTŞ-nin Hələbə hücumu gözlənilməz olsa da, sonradan məlum oldu ki, hücum bir neçə ay əvvəldən hazırlanıb və uyğun zamanda həyata keçirilib. Suriya ordusu qüvvələri Hələb ətrafında HTŞ-yə ciddi müqavimət göstərə bilmədi, qısa müddət ərzində – dekabrın əvvəlində HTŞ gücləri Hələbin əksər hissəsini ələ keçirdi və sürətlə Hələb ətrafı və cənuba doğru irəlilədi.

İdlibliler Türkiye'nin 'HTŞ'nin gücünü kırmasını umuyor' - BBC News Türkçe

Müxaliflərin Hama şəhərini demək olar ki, müqavimətsiz ələ keçirərək ölkənin əsas nəqliyyat qovşaqlarının yerləşdiyi Humsu mühasirəyə alması artıq Suriya ordusunun əsas hissəsinin vuruşmadığını göstərdi.

Bu zaman artıq cənubda da suriyalı müxaliflər hökumətə qarşı yenidən hərəkətə keçmiş və Dəməşqə doğru irəliləməyə başlamışdı. Sonradan məlum oldu ki, İran Suriyaya hərbi dəstək göndərməyi planlasa da, İsrailin hava müdaxiləsi buna imkan verməyib.

Dekabrın 8-də Bəşər Əsədin Dəməşqi tərk etməsi ilə eyni saatlarda müxalif qruplar Dəməşqə daxil oldu. Bununla da Hafiz Əsədlə başlayan 53 illik ata-oğul Əsədlər hakimiyyətinə son qoyuldu. Dəməşqə daxil olan silahlı müxaliflər Bəşər Əsəd və Mahir Əsədin sarayları da daxil olmaqla hakimiyyətə məxsus binaları, Mərkəzi Bankı və İran səfirliyini ələ keçirərək qarət etdilər.

Tezliklə HTŞ komandiri və İdlibin hakimi Əbu Məhəmməd əl-Colani (Əhməd Hüseyn əş-Şara) Suriyanın faktiki dövlət başçısı oldu. Ardınca əsasən HTŞ və İdlib hökumətinin üzvlərindən ibarət müvəqqəti hökumət kabineti formalaşdırıldı.

Colani: “Əsəd rejimi ölüdür” – HTŞ lideri CNN-ə sensasion bazar verdi

Çox keçmədən Türkiyənin xarici işlər və müdafiə nazirləri, həmçinin kəşfiyyat rəisi Dəməşqə, Qətər və İordaniyanın xarici işlər nazirləri isə bölgəyə gedərək yeni rejimə dəstək nümayiş etdirdilər. May ayında isə Səudiyyə Ərəbistanına səfər edən ABŞ Prezidenti Donald Tramp vəliəhd-şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə Suriyanın yeni lideri, keçid dövrü prezidenti Əhməd əş-Şaranı qəbul etdi və Suriyaya qarşı sanksiyaların götürülməsi ilə bağlı Maliyyə nazirinə göstəriş verdi.

Tramp, Məhəmməd bin Salman və Əhməd əş-Şara birgə konfrans keçirdilər. Konfransa onlayn formatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşuldu.

Tezliklə ABŞ-ın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa etdi və sentyabrda Suriya prezidenti ABŞ-a səfər edərək Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak etdi.

Sentyabrda həmçinin Suriyada parlament seçkiləri keçirildi. Mübahisəli məqamlarına baxmayaraq, bu hadisə Suriyada yeni hakimiyyət formalaşması istiqamətində növbəti addım kimi qiymətləndirildi.

Bütün bu proseslərin bir izahı var: Bəşər Əsəddən sonrakı Suriya Qərb müttəfiqinə çevrilir, ərəb ölkələri və Türkiyə ilə yaxınlaşır. Yeni dövlət hakimiyyətinin qurulması, ordunun formalaşması Türkiyənin iştirakı ilə həyata keçiriləcək. Bu barədə Ankara ilə Dəməşq arasında artıq müqavilələr imzalanıb.

Ancaq bütün bunların fonunda Suriyanın iqtisadi problemləri hələ də həllini tapmayıb. Ölkənin yenidən ayağa qalxması üçün yüz milyardlarla dollara ehtiyac var. Əhməd əş-Şaranın Moskvaya səfər edərək Putinlə görüşməsi isə Suriyanın yalnız Qərbin orbitində qalmaq niyyətində olmadığını, Rusiyanı yenidən prosesə qaytarmaqla siyasi balans yaratmağa çalışdığını göstərir. Çinlə əlaqələrin canlandırılması cəhdləri də yeni hakimiyyətin planlarını anlamağa yardım edir.

putinle-ehmed-el-saraa-gorusdu

Lakin Suriyanın təhlükəsizlik və suverenlik qayğıları qalmaqdadır. Yeni hakimiyyətin qarşısında 4 ciddi təhdid var: ikisi xarici, ikisi isə daxili.

Birinci təhdid Suriyanın şimal-şərqindəki ərazilərin təxminən 25%-nə nəzarət edən kürdlərin “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyasıdır. Koalisiyanın mərkəzində PYD/YPG dayanır. Bu qüvvələr 10 ildən çoxdur İŞİD-ə qarşı döyüş təcrübəsinə malikdir və bölgədə ABŞ hərbi bazaları yerləşir. ABŞ komandanlığı xüsusilə CENTCOM xətti ilə SDQ ilə əməkdaşlıq edir. Mərkəzi hakimiyyət kürdləri özünə tabe edə bilmir; onların muxtariyyət istəyi açıqdır.

İkinci təhdid Suriyanın cənubundakı Suveyda vilayətində yaşayan druz icmasıdır. Druzlar Bəşər Əsədə qarşı çıxsa da, sonradan razılaşma ilə sülh əldə edilib. Lakin hazırkı islamçı HTŞ hökuməti ilə druzlar arasında, xüsusilə Suveydada nüfuzlu dini lider Hikmət əl-Hicrinin hakimiyyətə qarşı çıxması vəziyyəti yenidən gərginləşdirir. Druzlara əsas dəstək verən isə İsraildir. İsrail Bəşər sonrası Suriyanın salamat qalmış hərbi texnikasını bombalayaraq məhv edib, Şeyx dağı da daxil olmaqla “bufer zonanı” ələ keçirib. Hazırda İsrail ordusu Quneytra vilayətinin bir hissəsini işğalda saxlayır və druzlara maddi-silah dəstəyi verir.

Suriyanın cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar şiddətlənib.

Üçüncü təhlükə keçmiş rejim qalıqları və nusayri qruplardır. Mart ayında HTŞ silahlılarının Aralıq dənizi sahilində nusayri məntəqələrində törətdiyi qırğınlar zamanı ən azı 1400 nəfər ölüb, minlərlə insan yaralanıb və ya itkin düşüb. Beynəlxalq təzyiqdən sonra yeni hakimiyyət araşdırma komissiyası yaradıb və radikalları həbs edib. Paralel olaraq keçmiş hökumət tərəfdarlarının dağlıq ərazilərdə yenidən fəallaşdığı müşahidə olunur. Son məlumatlara görə, keçmiş kəşfiyyat generalı Kamal Həsən və Bəşərin qohumu Rami Maxluf üsyan üçün silahlı dəstə hazırlayır. Bu məlumat təsdiqlənməsə də, ələvi-nusayri və xristian icmalarının risk yaratdığı faktdır.

Nəhayət, dördüncü təhlükə yeni hakimiyyətin daxilindən gəlir. Əhməd əş-Şaranın keçmiş müttəfiqləri – radikal islamçılar indi risk qrupuna çevrilib. Onların mart qırğınlarındakı rolu, iyulda Suveydaya hücumları və xristian məhəllələrində dini aksiyaları hakimiyyət üçün ən azı kürd və druz riskləri qədər təhlükəlidir. Bir çox radikallar orduya daxil edilməyib, Müdafiə Nazirliyinə formal tabe olsalar da, rəsmi strukturlara qəbul olunmayıblar. Mart hadisəsindən sonra bəziləri həbs olunsa da, Suveyda faktı riskin qalıcı olduğunu göstərdi. ABŞ və Aİ dəfələrlə radikal islamçıların ölkədən uzaqlaşdırılmasını tələb edir.

Görünən odur ki, sadalanan 4 qrupla mübarizənin nəticəsi Suriyanın və onun yeni rəhbərinin gələcəyini müəyyən edəcək.

Yeni iqtidar 5 illik keçid dövrü elan edib. Bu müddətdə konstitusiya hazırlanmalı və seçkilər keçirilməlidir. Artıq 5 ilin 1 ili geridə qaldı. Əhməd əş-Şaranın dediyi kimi, qarşıda 4 il var. Ancaq zaman çox sürətlə keçir.

Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR