Bakının Qaradağ rayonunda 39 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Lökbatan qəsəbəsi, 28 May küçəsində olan parkda baş verib.
Şamaxı rayon sakini, 1987-ci il təvəllüdlü Fəxrəddin aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə Zülfiyənin (adlar şərtidir – red.) boyun nahiyəsindən tutaraq sıxıb. Qadının boyun nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər yetirib.
Faktla bağlı Fəxrəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Fəxrəddin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, həmçinin əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını deyib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınaraq onun barəsində olan cinayət təqibinə xitam verilib.






