Kərkükdə 102 ildən sonra tarixi dönüş: Abdullah Ağar yazır – “Bu, yalnız valilik deyil, türk dünyasının imtahanıdır”
İraqın strateji əhəmiyyətə malik Kərkük şəhərində 102 ildən sonra bir türkmənin vali vəzifəsinə gətirilməsi təkcə yerli siyasi hadisə deyil. Bu hadisə həm İraq türkmənlərinin tarixi mübarizəsinin nəticəsi, həm də Türkiyə, Azərbaycan və bütövlükdə türk dünyası üçün yeni məsuliyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
İraq türkmənləri təkcə Türkiyə ilə deyil, Azərbaycanla da dərin tarixi, etnik və mədəni bağlara malik türk toplumudur. Tarixçilərin və türkoloji araşdırmaların böyük hissəsi onları oğuz-türk dünyasının ayrılmaz parçası kimi qiymətləndirir. Kərkükdən Xanəkinə, Təlafərdən Tuz-Xurmatuya qədər uzanan Türkməneli bölgəsində danışılan türkcə Azərbaycan türkcəsinə son dərəcə yaxın olmaqla yanaşı, xalq ədəbiyyatı, musiqi, hoyrat ənənələri və ailə-məişət mədəniyyəti baxımından da Azərbaycanla ortaq kökləri əks etdirir. Buna görə də Kərkükdə 102 ildən sonra bir türkmənin vali vəzifəsinə yüksəlməsi yalnız İraq türkmənlərinin deyil, özünü eyni oğuz-türk mədəniyyətinin daşıyıcısı hesab edən Azərbaycan ictimaiyyətinin də diqqətlə izlədiyi tarixi hadisədir.
Türkiyənin tanınmış təhlükəsizlik və geopolitika analitiki Abdullah Ağar bu mövzuya həsr etdiyi geniş təhlilində Kərkükdə baş verən dəyişikliklərin görünəndən daha böyük məna daşıdığını vurğulayır. Müəllif hesab edir ki, İraq Türkmən Cəbhəsinin sədri və yeni Kərkük valisi Mehmet Səman Ağanın qarşısında duran vəzifə sadəcə inzibati idarəetmə deyil, yüz illik tarixi yükü daşıyan ağır missiyadır.
Musavat.com Abdullah Ağarın “Türkmənlərin Kərkük valiliyi: Kərkük kibriti, yoxsa Baba Gürgür alovu?” adlı məqaləsini təqdim edir:
“102 il sonra Kərkükdə bir türkmənin vali vəzifəsinə gəlməsi sadəcə siyasi uğur deyil; tarixi məsuliyyət və ağır sınaqdır.”
Fotolarda; Kərkük valisi və İraq Türkmən Cəbhəsinin sədri Mehmet Səman Ağa…
Və digər İraq türkmən ağsaqqalları;
Türkməneli Vəqfinin sədri Mete Nəbil Muratlı, türkmən davasına böyük əmək sərf etmiş professor Mahir Nakip,
Türkməneli Dərnəklər Federasiyasının sədri Mehmet Tütüncü və türkmən davasına könül vermiş bəzi dəyərli qardaşlarımla birlikdə…
ORSAM-ın sədri Kadir Temizin qonaqpərvərliyi ilə bir araya gəldik.
İraq Türkmən Cəbhəsinin sədri və Kərkük valisi Mehmet Səman Ağa uzun illər əziyyət çəkmiş və hüquqları qəsb edilmiş bir türkmən olaraq 102 ildən sonra Kərkük valisi olmaqdan böyük qürur duyur.
Amma o, reallıqların da fərqindədir.
Yəni vəziyyət nə onun, nə də Türkməneli üçün müvəqqəti vəzifə, təbliğat, emosional şüar və siyasi nümayiş məsələsi deyil.
Və belə də olmamalıdır.
Səman Ağa çiyninə “oddan köynək” geyindiyini bilir.
Bu od köynəyi yalnız onun üzərində deyil.

Bu gün Bağdad, Ərbil, Süleymaniyyə, Tehran, London, Vaşinqton, tarix və coğrafiya yalnız Səman Ağanı və türkmənləri deyil, Türkiyə və Azərbaycanı da sınağa çəkir.
102 ildən sonra Kərkük valisi olmaq, “Kərkük kibriti” kimi tez sönən bir alov deyil, əsrlərdir yanan Baba Gürgür ocağı kimi Kərkükün gələcəyini quracaq davamlı gücə çevrilməlidir.
Mehmet Səman Ağa Osmanlı dövləti bölgədən çəkildikdən sonra daim istismar olunan, ərəblaşdırma, kürdləşdirmə və məzhəbləşdirmə siyasətlərinə məruz qalan, bir tərəfdən İranın, digər tərəfdən xarici güclərin təsiri altında qalan, daxili siyasi qrupların maraq savaşlarının yaşandığı və neft sərvətlərinin belə Kərkükə rifah gətirmədiyi bir mühitdə həm Kərkükə, həm də bütövlükdə Türkməneliyə fayda vermək istəyir.
Yaxın Şərqin daim istismar olunan ürəyi olan Kərkükdə bir türkmən olaraq və Türkiyə ilə Azərbaycanın dəstəyi ilə Səman Ağa:
* bütün icmaları qucaqlaya bilsə,
* dağıdılmış və yorulmuş Kərkükə xidmət apara bilsə,
* ümid, etimad, qardaşlıq və rifah yarada bilsə,
* intriqalarla mübarizə apara bilsə,
* maneələri aşa bilsə,
* cəmiyyətin müxtəlif təbəqələrindəki müqaviməti qıra bilsə,
* siyasi balansları qoruya bilsə, yalnız o zaman türkmənlərin Kərkük idarəçiliyində qalıcı olması mümkün olacaq.
Çünki Kərkükdə qalıcı olmaq yalnız siyasi sövdələşmələrlə və seçki qələbəsi ilə deyil, insanların qəlbini qazanmaqla, tarazlığı qorumaqla və şəhərin ehtiyac duyduğu həqiqi həlləri yaratmaqla mümkündür.
İran–İsrail və ABŞ qarşıdurmasının regiona ciddi təsir göstərdiyi, güc balanslarının sürətlə dəyişdiyi, siyasi manipulyasiyaların və maraq savaşlarının hökm sürdüyü, müharibələrin yerli büdcələrə belə təsir etdiyi bir şəraitdə Səman Ağa bunu təkbaşına edə bilməz.
Əgər “Kərkük türkdür, türk qalacaq” deyiriksə…
Əgər İraqın ərazi bütövlüyü daxilində digər xalqları da qucaqlayaraq türkmənlərin mövqeyini gücləndirmək istəyiriksə…
Əgər 102 ildən sonra əldə edilən Kərkük valiliyini gələn il itirmək istəmiriksə…
Əgər yeni məyusluq yaşamaq istəmiriksə…
Kərkükü yalnız türkmənlərin deyil, ərəblərin, kürdlərin, xristianların və bütün Kərkük sakinlərinin təhlükəsizlik, rifah və sabitlik mərkəzinə çevirmək üçün davamlı töhfə verməliyik.
Çünki Kərkükdə qalıcı olmağın yolu şüarlardan deyil, məsuliyyətdən keçir.
“Kərkük mərkəz olmaqla Mendelidən, Bələdruzdan, Ərbilə, Mosuldan Təlafərə qədər bütün Türkmənelinin sahib çıxılmağa ehtiyacı var.”
Bağdaddakı mərkəzi hakimiyyət, regional idarəetmə strukturları və İraqda təsir imkanları olan bütün qüvvələrlə münasibətlər heç vaxt olmadığı qədər əhəmiyyətlidir.
Çünki məsələ yalnız Kərkük deyil.
Məsələ Türkiyə, İraq və bütöv coğrafiyanın gələcəyidir.
Bu gün türkmənlər Kərkük valiliyi ilə tarix, coğrafiya və güc balanslarının kəsişdiyi nöqtədə dayanırlar.
Geosiyasi mövqeyi ilə, dini və məzhəbi müxtəlifliyi ilə, etnik həssaslıqları ilə, enerji resursları və nəqliyyat xətləri ilə, dərin tarixi və sivilizasiya kodları ilə Kərkük bu gün İraqın ürəyidir.
İraq Yaxın Şərqin ürəyidir.
Yaxın Şərq isə dünyanın enerji, inanc, informasiya və böhran istehsal edən mərkəzi olaraq qalır.
Bu səbəbdən Kərkük səssiz şəkildə həm regionun, həm də dünyanın gələcəyinə təsir etməyə davam edir.
Və maraqlıdır ki, İraqın, Türkiyənin, qlobal güclərin, ərəblərin, kürdlərin, xristianların və türklərin taleyi yenə də Kərkükdə kəsişir.
Digər nümunələrdə olduğu kimi Kərkük valiliyi də sadəcə siyasi alət olsaydı, hər şey daha asan olardı.
Amma 102 ildən sonra məqsəd həll yolları tapmaq, insanları birləşdirmək və qalıcı olmaqdırsa, bu zaman Səman Ağa və İraq Türkmən Cəbhəsinin Türkiyə və Azərbaycanın dövlət imkanlarına, diplomatik dəstəyinə və strateji potensialına ciddi ehtiyacı var.
Əslində od köynəyi yalnız türkmənlərin deyil.
O köynək bu gün Türkiyə və Azərbaycanın da çiyinlərindədir.
Tarix və Yaradan türkləri bəzən torpaqla, bəzən müharibə ilə, bəzən də vəzifə ilə sınağa çəkir.
Bu gün Kərkük belə bir sınağın adıdır.
Kərkükdə qazanılan yalnız bir valilik deyil.
Kərkükdə sınaqdan keçirilən yalnız türkmənlərin gələcəyi deyil.
Burada sınaqdan keçən türk dövlət ağlı, Türkiyənin tarixi yaddaşı, Azərbaycanın qardaşlıq iradəsi və türk dünyasının ortaq məsuliyyət duyğusudur.
Bu tarixi məsuliyyət uzunmüddətli qazanıma çevrilməlidir.
Od köynəyi bu gün Kərkükdədir.
Amma onun istisi Ankaranı da, Bakını da işıqlandıra və ya qaranlığa qərq edə biləcək qədər güclü, səssiz və dərindir.
Kərkük Qarabağdır.
Kərkük Kiprdir.
Kərkük tək qalmış vətəndir.
Kərkükdə uğur valilik vəzifəsini almaqla deyil, onu Türkmənelinin və İraqın gələcəyi naminə davamlı dəyərə çevirməklə ölçüləcək.
Çünki məsələ vəzifə deyil, əmanətdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin bu tarixi məsuliyyətin fərqində olduqlarına və lazımi dəstəyi göstərəcəklərinə inanıram.
Musavat.com






