İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə subasma – Sakinin özbaşınalığı “dövlətin günahı”na çevrildi?

2006 24.11.2025 18:17 Gündəm A A

Füzuli şəhərindəki bir mənzildə baş verən sadə subasma hadisəsinin sosial şəbəkələrdə yaratdığı isteriya bir daha göstərdi ki, işğaldan azad edilmiş torpaqlarda bərpa prosesinə yönəlmiş manipulyasiyalar sistemli şəkildə davam etdirilir. Bir nəfərin şəxsi məsuliyyətsizliyi – radiatora özbaşına müdaxilə – bir anda “dövlətin günahı”, “keyfiyyətsiz tikinti”, “bərbad iş” kimi təqdim olundu. Halbuki faktlar tam fərqli mənzərəni ortaya qoyur: nə tikinti keyfiyyəti ilə problem var, nə də idarəedici qurumun səhlənkarlığı.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin açıqlaması məsələnin əsl mahiyyətini ortaya qoyur. Füzuli şəhəri, bina 5, mənzil 112-də qeydə alınan su basması həmin mənzilin özündən qaynaqlanmırdı. Su yuxarı mərtəbədə yerləşən 115 nömrəli mənzildə yaşayan sakinin radiatora müdaxiləsi nəticəsində axmışdı. Sistem sınaqdan keçirilərkən zədələnmiş radiator açılıb və həm öz mənzilini, həm də aşağıdakı mənzili zərər altında qoyub. Sakin bu dəyişiklik barədə heç bir quruma məlumat vermədiyi üçün məsuliyyət tam olaraq onun üzərindədir.

RADIO.jpg (193 KB)

Üstəlik, xidmət əməkdaşları həm zərərçəkən, həm də məsuliyyət daşıyan şəxslə görüşüb izahat veriblər. Qanun aydındır – zərəri törədən ödəməlidir. Lakin sosial şəbəkələrdə məsələ tam başqa cür təqdim olundu: “Füzulidə tikintilər keyfiyyətsizdir”, “evlər su altında qaldı”, “dövlət pis iş görüb”.

Bu ittihamlar nədir? Sadəlövh emosional reaksiyalar, yoxsa məqsədli kampaniya?

Füzuli kimi sıfırdan tikilmiş şəhərdə, dünya standartları ilə qurulan mühəndis-kommunikasiya sistemlərinə “radiatoru söküb dəyişmiş bir sakinin avantürası” üzərindən kölgə salmaq siyasi-düşüncə baxımından da, məntiq baxımından da primitiv yanaşmadır.

Burada bir vacib məsələni dəqiqləşdirmək lazımdır: bərpa olunan ərazilərdə mənzillərə müdaxilə qəti şəkildə qadağandır. Bu qayda təsadüfən yox, həm təhlükəsizlik, həm də infrastrukturun bütövlüyünün qorunması üçündür. Bir sakinin etdiyi səhv bütün binanı, bəzən bütün kvartalı risk altına qoya bilər.

Bu torpaqlarda dövlətin yaratdığı miqyas fərqlidir. Azərbaycan Ordusu 44 günlük müharibə ilə 5 şəhər, 4 qəsəbə, 286 kəndi – Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Hadrutu, Şuşanı azad etdi. Noyabrın 10-dan sonra Ağdam, Kəlbəcər və Laçın Azərbaycana qaytarıldı.

İLHAM ESGER.jpg (246 KB)

2023-cü ildə 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

ANTİTERROR SON.jpg (60 KB)

Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Sonrakı üç il ərzində dövlət bu əraziləri minalardan təmizləməyə, həyat üçün təhlükəsiz zonalar yaratmağa başladı. Təkcə ANAMA-nın bir aylıq statistikasına əsasən – 12 minə yaxın partlamamış hərbi sursat, yüzlərlə mina zərərsizləşdirilib; 7 000 hektardan artıq ərazi təmizlənib. Təkcə yolların çəkilişi, yeni şəhərlərin salınması, su, qaz, elektrik, optik-xətt infrastrukturunun qurulması, hava limanlarının tikintisi belə misilsiz dövlət proqramının ölçüsünü göstərir.

MİNALAR.jpg (91 KB)

Bu gün artıq Xocalıya, Ağdama, Füzuliyə, Zəngilana köç karvanları ardıcıl şəkildə yollanır. Sonuncu karvan Məmmədbəyli kəndinə çatıb, 30 ailə yeni evlərinə qovuşub.

QAYİDİS.jpg (187 KB)

Bu nəhəng prosesin fonunda bir nəfərin öz evində radiatoru söküb dəyişdirməsi və nəticədə baş verən nasazlığa görə dövlət qurumlarını hədəfə alması, yumşaq desək, məsuliyyətsizlikdir. Dövlət bərpa edir, qurur, inşa edir. Binalar, məktəblər, yollar, su xətləri – hamısı sıfırdan. Lakin bu sistemin işləkliyi təkcə dövlətin yox, hər bir sakinin məsuliyyətinə bağlıdır. Mühəndis kommunikasiya xətləri – elektrik, su, qaz, radiator sistemi – bir-biri ilə inteqrasiya olunmuş strukturdur. Burada edilən hər hansı özbaşına müdaxilə bütöv mexanizmi pozur.

Ən acınacaqlısı isə odur ki, sonradan problem yarananda belə şəxslər kameranın qarşısına keçib “dövlət pis iş görüb” deyə populist çıxışlar edirlər. Azad olunmuş ərazilərdə yeni həyat təkcə inşaatla qurulmur – həm də davranışla, məsuliyyətlə, şüurla. Füzuli, Ağdam, Cəbrayıl təkcə tikinti meydanı deyil. Bura həm də böyük mənəvi yüklü bir ərazidir – Vətənin azad edilmiş torpaqlarıdır.

Burada həyatın yenidən qurulması təkcə dövlətin işi deyil. Sakin də bu prosesin iştirakçısıdır. Bu torpaqlarda yaşayan hər bir kəs anlamalıdır ki, “özbaşına davranış” artıq keçmiş müharibə bölgəsində deyil, yenidən qurulan şəhərlərdə yaşayan insanların təhlükəsizliyini təhdid edir. Füzulidəki hadisə bir daha göstərdi: dövlət qurur, düzəldir, vətəndaş isə bu nizamı qorumağa borcludur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR