Qadın sonuncu “nəzarət atəşini” həyata keçirə bilməyib
Moskvada general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsdin yeni təfərrüatları məlum olub.
Musavat.com Rusiya mediasına istinadən yazır ki, Volokolamsk şossesində yerləşən yaşayış binasının girişində generala sui-qəsd edən qadın killer olub. Hadisə paytaxtın tam mərkəzində olmasa da, nəzarətsiz və kimsəsiz ərazi də sayılmır - ərazidə kifayət qədər müşahidə kameraları mövcuddur.

“Mash” nəşrinin məlumatına görə, killer səhər saat 7-də Alekseyevi yaşadığı binanın lift meydançasında arxadan güllələyib. İlkin versiyaya görə, killer qadın olub sonuncu “nəzarət atəşini” həyata keçirə bilməyib.
“Baza” Volokolamsk şossesində yerləşən binanın sakinləri bildiriblər ki, onlar atəş səsləri və kömək bağırtılar eşidiblər. Hadisə yerində olan qonşulardan biri deyib:
“Bütün mərtəbə qan içində idi, hətta lift meydançası da”.
Sakinlərin sözlərinə görə, yaralanmış general-leytenant bir müddət huşunu itirməyib. Qonşulardan biri qışqıraraq dərhal təcili yardım çağırılmasını tələb edib.
Generalın hansı xəstəxanada olduğu gizli saxlanılır. Amma onun vəziyyətinin çox ağır olduğu deyilir. İstintaq Komitəsi qəsdən adam öldürməyə cəhd (CM-nin 30.3 və 105.1-ci maddələri) və qanunsuz silah dövriyyəsi (CM-nin 222.1-ci maddəsi) üzrə cinayət işi açıb. Vladimir Alekseyev 24 aprel 1961-ci ildə Ukraynanın Vinnitsa vilayətinin Qolodki kəndində anadan olub. Kənd sakinləri bildiriblər ki, Alekseyev uşaq vaxtı sakit və mehriban olub, lakin indi onunla qarşılaşsalar, “öldürməyə” hazır olduqlarını deyirlər.
Orta məktəbi bitirdikdən sonra Alekseyev Ryazan Hava-Desant Məktəbinə daxil olub və 1984-cü ildə oranı bitirib. O, əvvəlcə Moskva Hərbi Dairəsinin, daha sonra isə Uzaq Şərq Hərbi Dairəsinin kəşfiyyat idarəsinin rəisi vəzifəsində xidmət edib.
Müstəqil jurnalist-araşdırmaçılarının fikrincə, Alekseyev hərbi kəşfiyyat zabitlərinin “özünəməxsus” tipini təmsil edir.
O, karyerasına diplomatik missiyalarda deyil, xüsusi təyinatlı qüvvələrdə başlayıb. Araşdırmaçıların qeyd etdiyinə görə, 2011-ci ilə qədər Alekseyev QRU-nun (Baş Kəşfiyyat İdarəsi) 14-cü idarəsinin rəisi olub - bu idarə ənənəvi olaraq xüsusi əməliyyatlar və könüllü silahlı birləşmələrə nəzarət edən istiqamətlərlə əlaqələndirilir.
2011-ci ildən etibarən Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (keçmiş QRU) rəisinin birinci müavini vəzifəsini tutur. Hazırda qurumun rəhbəri Ukrayna üzrə danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən admiral İqor Kostyukovdur.
Əlbəttə ki, generala qarşı həyata keçirilən sui-qəsd sıradan kriminal hadisə kimi qiymətləndirilə bilməz. Hadisənin paytaxtda, yaşayış binasının girişində, müşahidə kameraları ilə təchiz olunmuş ərazidə baş verməsi Rusiya təhlükəsizlik sisteminin daxilində ciddi suallar doğurur.
Əvvəla, Alekseyev təsadüfi fiqur deyil. O, uzun illər Rusiya hərbi kəşfiyyatının ən həssas istiqamətlərinə nəzarət etmiş, xüsusi əməliyyatlar və qeyri-rəsmi hərbi strukturlarla əlaqələndirilən fiqur kimi tanınır. Belə bir şəxsin məhz yaşayış binasında, səhər saatlarında hədəf alınması hücumun planlı şəkildə həyata keçirildiyini göstərir.
İlkin versiyalarda sui-qəsdin qadın tərəfindən törədildiyi və “nəzarət atəşi”nin baş tutmadığı qeyd olunur. Bu detal təsadüfi deyil: ya icraçı peşəkar olmayıb, ya da əməliyyat hansısa səbəbdən yarımçıq qalıb. Hər iki ehtimal Kremlin təhlükəsizlik strukturları üçün narahatedici siqnaldır.
Hadisənin daha geniş geosiyasi fonu da diqqətdən kənarda qalmamalıdır. Rusiya Ukrayna müharibəsi fonunda həm xarici təzyiqlərlə, həm də daxili elita daxilində gərginliklə üz-üzədir.
Son illər hərbi və təhlükəsizlik strukturlarında baş verən müəmmalı ölümlər, “pəncərədən düşmələr”, partlayışlar və indi də açıq silahlı hücumlar sistem daxilində çatların dərinləşdiyini göstərir.
Musavat.com






