Türkiyəli tanınmış müğənni Güllünün (Gül Tut) şübhəli ölümü ilə bağlı aparılan istintaqda yeni və sarsıdıcı detallar üzə çıxıb.
Musavat.com xəbər verir ki, sənətçinin qızı Tuğyan Ülkəm Gültərin həbsindən sonra verdiyi ifadələr və ortaya çıxan yazışmalar cəmiyyətdə ciddi rezonans doğurub.
Güllünün oğlu Tuğbərk Yağız Gültər Yalova Ədliyyəsində verdiyi ifadədə bacısının keçmiş nişanlısı Kervan Eminoğlu naminə anasını öldürə biləcəyini deyib. Onun sözlərinə görə, Güllü qızının bu münasibətinə qəti şəkildə qarşı çıxıb və ailə daxilində ciddi gərginlik yaşanıb.
İddialara görə, Tuğyan Ülkəm Gültər keçmiş nişanlısı ilə birlikdə olmaq üçün anasına qarşı planlar qurub. Bu iddialar gənc qadının dostu Bircan Dülgərlə yazışmalarında da öz əksini tapıb. Məlum olub ki, həmin mesajların bir hissəsi sonradan silinsə də, bərpa edilib.
İlk dəfə danışan Kervan Eminoğlu isə ittihamları rədd edib. O bildirib ki, Tuğyan onu təhdid edib, silah çəkib və yalan məlumatlar verib. Hadisə Beyaz TV-də yayımlanan proqramda canlı efirdə üzləşmə ilə daha da dramatik hal alıb.
Araşdırmalar zamanı Güllünün həyatını itirdiyi gecə qızının Kervan Eminoğlu ilə görüntülü danışdığı, pəncərəni ona göstərdiyi də üzə çıxıb. Bundan əlavə, sənətçinin yatağının hadisədən bir həftə əvvəl dəyişdirilməsi də istintaqın diqqət mərkəzindədir.
Bütün bu faktlar fonunda “arabesk kraliçası”nın ölümü ilə bağlı istintaq davam edir. Hadisənin intihar, yoxsa planlaşdırılmış cinayət olub-olmadığına hüquq-mühafizə orqanları tərəfindən aydınlıq gətirilir.
Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-da evinin balkonundan yıxılaraq həyatını itirib. Sənətçi arabesk janrındakı “Her Şeyim Oldun”, “Sabah Olmadan”, “Bendeki Sen” və “Varlığın Yeter” kimi mahnıları ilə məşhurlaşıb.


Şahanə Rəhimli
Musavat.com






