İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz boğazı üzərində böyük oyun: ABŞ İrana tələ qurur?

733 19.06.2026 17:30 Dünya A A

ABŞ və İran arasında əldə olunduğu bildirilən yeni memorandumun ən çox müzakirə olunan hissələrindən biri Hörmüz boğazının gələcək statusu ilə bağlı müddəalardır. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu strateji su yolu ətrafında yaranan yeni vəziyyət təkcə Vaşinqton və Tehran arasında münasibətləri deyil, həm də Körfəz regionunun, Avropanın, Çinin və qlobal enerji bazarının gələcəyini təsirləndirə bilər.

Musavat.com-un xəbərində yazıldığı kimi, memorandumda qeyd olunur ki, İran növbəti 60 gün ərzində Fars körfəzi ilə Oman dənizi arasında yerləşən Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz və sərbəst keçidini təmin edəcək. Eyni zamanda Tehran gələcəkdə boğazın idarə olunması və dəniz xidmətləri ilə bağlı Oman və digər sahilyanı dövlətlərlə məsləhətləşmələr aparacaq.

Politoloq Asif Nərmanlının fikrincə, bu müddəa ilk baxışdan İranın maraqlarına uyğun görünsə də, əslində Tehranın qarşısına ciddi risklər çıxara bilər.

Asif Nərmanlı yazır ki, ABŞ-İran anlaşma memorandumunda ən mübahisəli məqamlardan biri məhz Hörmüz boğazının gələcək statusu ilə bağlıdır:

“Memorandum mətnində qeyd olunur: “İran ticarət gəmilərinin Fars körfəzindən Oman dənizinə və əksinə (Hörmüz boğazı) 60 gün ərzində təhlükəsiz və sərbəst keçidini təmin edəcək. İran beynəlxalq hüquqa və boğazın sahil dövlətlərinin suveren hüquqlarına uyğun olaraq, Hörmüz boğazında gələcək idarəetmə və dəniz xidmətlərini müəyyən etmək üçün Oman və Fars körfəzinin digər sahil dövlətləri ilə məsləhətləşmələr aparacaq”.

Bu bənd müharibəni Hörmüz boğazına nəzarət fürsəti kimi qiymətləndirən İranın planına uyğundur və belə nəticə çıxır ki, təbii keçid olan boğazdan rüsum almaq beynəlxalq hüquqa uyğun olmasa da, Tehran 60 gün sonra bunu tətbiq edə bilər. ABŞ İranla atəşkəsə məhz boğazda keçid probleminin qlobal iqtisadiyyata mənfi təsirlərinə görə getmişdi və indi “qırmızı xətti”ndən geri çəkildiyi görünür. Lakin Hörmüzlə bağlı bənd İrana istədiyini verməkdən daha çox, tələyə bənzəyir.”

Politoloq hesab edir ki, bu proses ilk növbədə yeni regional qarşıdurmaların yaranmasına səbəb ola bilər.

Asif Nərimanlının atası vəfat etdi - Globalinfo.az

“Birincisi, məsələ regional münaqişə ocağına çevrilə bilər. İranın Hörmüzə nəzarət imkanından imtina etməsi ehtimalı azdır, lakin bunu körfəz ölkələri ilə razılaşdırılmalıdır ki, Omanla dil tapsa belə, digər ərəb dövlətləri buna qarşı çıxacaq, eyni zamanda, boğazdan istifadə edən ölkələr, başda Avropa olmaqla, yeni sistemə qarşıdır. Bu halda İranın Hörmüzə nəzarət məsələsi birbaşa ABŞ-ın yaratdığı problem olmaqdan çıxaraq, regional münaqişə mənbələrindən birinə çevrilə və müharibə dövründə Vaşinqtonun yarada bilmədiyi anti-Tehran koalisiyasını aktuallaşdıra bilər. İstisna deyil ki, İranı atəşkəsə sövq etmək üçün Hörmüzlə bağlı bəndi memoranduma daxil edən ABŞ əslində gələcək problemin təməlini atır.”

Ekspertin fikrincə, ikinci mühüm məqam isə Hörmüzün qlobal enerji marşrutu kimi etibarlılığının sual altına düşməsidir.

“İkincisi, Hörmüz problemli marşruta çevrilir.

Müharibə boğazın perspektivini sual altına saldı və İranın nəzarət cəhdləri bu riskləri daha da gücləndirə bilər. Bu, boğaza alternativ axtarışlarını aktuallaşdıracaq. Daha öncə də yazmışdıq: İsrailin əvvəldən gündəmdə olan “Fars körfəzinin neft-qaz resurslarının Səudiyyə Ərəbistanından keçərək, boru kəmərləri ilə Qırmızı dəniz və Aralıq dənizi sahillərinə nəql edilməsi, bu yolla Avropa bazarına çıxarılması” təklifi müharibənin gedişində yenidən aktuallaşdı. Bu, daha bahalı layihə olsa da, Hörmüzün təhlükəsizlik riskləri körfəz ölkələri və Avropanın da diqqətini bura yönəldə bilər. Bu kontekstdə ABŞ-la yanaşı, İsrail və ərəb ölkələri İranın Hörmüzə nəzarət istəklərini boğazda qarşıdurma məsələsinə çevrilməsinə çalışacaq. Və bu, keçiddən istifadə edən Çinin maraqlarına zərbə vurmaq baxımından da ABŞ üçün sərfəli görünür.”

Asif Nərmanlı hesab edir ki, yaranan vəziyyət Tehran üçün seçim imkanlarını xeyli məhdudlaşdırır:

“Bu ssenaridə İran ya Hörmüz planından imtina etməli və müharibədən əvvəlki vəziyyətə qaytarılması ilə razılaşmalıdır, ya da çətinliklər vəd edən nəzarətdə israr etməlidir. Hər iki halda Hörmüz məsələsi tələ kimi görünür".

Təhlildən görünür ki, ABŞ-İran memorandumunda yer alan Hörmüz boğazı ilə bağlı müddəa yalnız dəniz nəqliyyatı məsələsi deyil. Bu bənd gələcəkdə regionun geosiyasi balansını dəyişə, yeni ittifaqlar formalaşdıra və qlobal enerji marşrutlarının istiqamətini yenidən müəyyən edə biləcək strateji proseslərin başlanğıcı hesab olunur. ABŞ və İran arasında atəşkəsə yol açan razılaşmanın ən böyük mübahisə mövzularından birinin də məhz Hörmüz boğazı olması təsadüfi görünmür. Bu gün razılaşma elementi kimi təqdim edilən məsələ sabah yeni regional qarşıdurmanın əsas səbəblərindən birinə çevrilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR