Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bu dəfə də hədəfə alınıb.
Musavat.com xəbər verir ki, hadisəni törədən şəxslərin 16 və 15 yaşlı iki yeniyetmə olduğu müəyyən edilib.
Hadisə iyulun 4-də gecə saatlarında Adananın Seyhan rayonundakı Tellidere küçəsində yerləşən şirniyyat dükanında baş verib. Naməlum şəxs mağazanın qarşısına gələrək tapança ilə ardıcıl atəş açıb, daha sonra hadisə yerindən qaçıb. Hücum zamanı xəsarət alan olmasa da, obyektə maddi ziyan dəyib.
Adana Polisi hadisənin üstünü açmaq üçün ərazidəki təxminən 400 təhlükəsizlik kamerasından 300 saatlıq görüntünü araşdırıb. Aparılan istintaq nəticəsində silahlı hücumu 16 yaşlı B.A., hadisəni mobil telefonla çəkən şəxsin isə 15 yaşlı M.U.O. olduğu müəyyən edilib.
Keçirilən əməliyyat zamanı saxlanılan hər iki yeniyetmə polis bölməsindəki ifadələrindən sonra məhkəməyə çıxarılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı hücumun arxasında mağaza sahibi Serdar Kılınçın əmisi oğlu Y.C.G. ilə yaşanan borc mübahisəsinin dayandığı məlum olub. Polis müəyyən edib ki, Y.C.G. daha əvvəl mağaza sahibinə müxtəlif xarici nömrələrdən WhatsApp vasitəsilə təhdid mesajları göndərib.
Mesajlarda "Növbəti güllələr birbaşa sizə dəyəcək", "Dükanınıza qumbara atacağam" və "Ya pulu verəcəksiniz, ya da şirniyyat dükanınız olmayacaq" kimi hədələr yer alıb. İstintaq bu mesajların da Y.C.G. tərəfindən göndərildiyi ehtimalı üzərində davam etdirilir.
Polis hazırda hadisənin sifarişçisi hesab edilən Y.C.G.-nin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Məlumata görə, eyni şirniyyat dükanı ötən il iyulun 20-də və oktyabrın 5-də də silahlı hücuma məruz qalmışdı. Həmin hadisələrin şübhəliləri də polis tərəfindən müəyyən edilərək məhkəmə qarşısına çıxarılmışdı. Hazırkı araşdırmalarda isə hücumun hər hansı mütəşəkkil cinayətkar qrupla əlaqəsinin olmadığı bildirilib.
Musavat.com






