İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev enerji mübahisələrinə nöqtə qoydu - Trampın siyasətinə dəstək...

469 01.06.2026 21:17 Analitika A A

"1 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal enerji bazarı, ekoloji trendlər və ölkəmizin strateji rolu ilə bağlı proqram xarakterli bəyanatlar səsləndirib".

Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

Parlamentari diqqətə çatdırıb ki, Dövlət başçısı təməli "Xəzər Neft və Qaz Sərgisi" ilə qoyulan bu platformanın artıq qlobal enerji səhnəsində aparıcı hadisələrdən birinə çevrildiyini xüsusi vurğulayıb: "Tədbirin yüksək beynəlxalq statusunu vurğulayan Prezident, xüsusi məktub səmimiyyətinə görə ABŞ Prezidenti Donald Trampa, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Böyük Britaniyanın Baş naziri Keir Starmerə öz təşəkkürünü bildirdi. Çıxışda bu il həm də qlobal enerji təhlükəsizliyində həlledici rol oynayan tarixi "Şahdəniz" müqaviləsinin imzalanmasının 30 illiyinin tamam olduğu xüsusi qeyd edilib.

Prezident İlham Əliyev son illərdə ənənəvi enerji hasilatçılarına qarşı yürüdülən ədalətsiz kampaniyalara toxunaraq, bu mövzunu yenidən normal və real məcraya qaytardığı üçün ABŞ Prezidenti Donald Trampın müdrik və praqmatik siyasətini yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində neft və qaz hasil edən ölkələr və şirkətlər heç bir əsas olmadan planetin dağıdılmasında ittiham olunur və ictimai rəydə küncə sıxışdırılırdı. Bəzi şirkətlərin müasir trendlərə uyğunlaşmaq naminə adlarını dəyişdiyini xatırladan Prezident, reallığın fərqli olduğunu və dünyanın faydalı qazıntı olmadan yaşaya bilməyəcəyini vurğulayıb".

Deputatın sözlərinə görə, Azərbaycanın iqlimin qorunması prosesini dəstəklədiyini bildirən ölkə rəhbəri, eyni zamanda hamını praqmatik olmağa çağırıb: "O qeyd edib ki, irəliyə doğru ən doğru yol enerji təhlükəsizliyini təmin etməklə yanaşı, bərpaolunan enerjiyə paralel investisiyaların yatırılmasından keçir. Suveren hüquqlar mövzusuna toxunan Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, neft və qaz da digər adi əmtəələr kimidir və ölkələr öz təbii sərvətlərinə görə günahlandırılmamalıdır. Hər bir dövlət öz torpağının və ya dənizinin altındakı resurslardan öz inkişafı üçün istifadə etmək hüququna malikdir. Sonda dövlət başçısı xatırladıb ki, müstəqilliyinin ilk illərində Azərbaycan məhz öz neft və qaz resursları sayəsində iqtisadi və siyasi müstəqilliyini tam qoruyub saxlaya bilib və müstəqil ölkə kimi yaşamağın yeganə yolunu bu sərvətlərdən səmərəli istifadə tapıb".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR