Azərbaycan Prezidenti İlham Əliyevin ölkə mediasına müsahibəsi ənənə halını alıb. Dövlətimizin başçısı son illərdə hər ilin yekunları, il ərzində ölkənin daxili və xarici siyasətində baş vermiş mühüm hadisələr və aktual məsələlərlə bağlı yerli jurnalistlərə geniş müsahibə verir, ictimaiyyəti məlumatlandırır. Yanvarın 5-də verdiyi müsahibə də bu silsilədən biri oldu.
Bu müsahibələrdə cənab Prezident bütün mövzuları ən xırda detallarına kimi əhatə edir. Onun dərin məlumatlılığına nəinki ölkə ictimaiyyəti, bütün dünya şahidlik edir.
Dövlət başçısının dünyada cərəyan edən prosesləri obyektiv, düzgün təhlil etməsi və düzgün nəticələr çıxarması və proqnozlar vermək bacarığına malik olmasını hər kəs görür.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a dedi ki, Prezidentin müsahibəsi xalq ilə ünsiyyətin ən səmimi şəkli idi:

"Müsahibə Prezidentimizin torpaq, dil, vətəndaş sevgisi üzərində qurulmuşdu. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına artıq ənənə halını almış müsahibəsi xalqımız tərəfindən böyük maraqla qarşılanmaqla yanaşı, həm də hər ilin əvvəlində gözlənilən hadisədir. Çünki dünyada gedən mürəkkəb proseslər fonunda Azərbaycan Liderinin bu proseslərə baxışı, ölkəmizin regionda və dünyada tutduğu mövqe, xarici siyasətdə hansı addımlar atacağı və daxildə hansı qərarlar alacağı hər bir Azərbaycan vətəndaşını dərindən maraqlandırır. Qeyd olunmalıdır ki, üç saat davam edən müsahibə bir daha dövlət başçımızın liderlik xüsusiyyətlərini, şəxsi keyfiyyətlərini üzə çıxartdı.
Dövlət başçımızın simasında xalqımızın ləyaqətli obrazı olduqca düzgün təsvir olundu. Biz bir daha dünyaya nümayiş etdirdik ki, Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoymuşuq və artıq sülh şəraitində yaşamağı, bunun nə demək olduğunu öyrənirik. Bu proses çətin olduğu qədər, dünyada nadir rast gəlinən hadisədir ki, buna da Azərbaycan Liderinin verdiyi düzgün qərarlar sayəsində nail olunub. 2025-ci il xüsusi yadda qalan il oldu. Arxada qoyduğumuz il ABŞ-Azərbaycan münasibətləri baxımından da tarixi il kimi dəyərləndirilməlidir. Baş verən hadisələr gələcək illərə işıq tutur. 907-ci düzəlişin ləğv edilməsi həm ABŞ-Azərbaycan münasibətləri, həm də anti-Azərbaycan qüvvələrinin, erməni lobbisinin fəaliyyətinin qarşısından alınması baxımdan olduqca vacibdir. Bu, xarici siyasətdə atacağımız adımlara mane olan bir səddin aradan qaldırılması deməkdir. Həm də yolumuzda daşların təmizlənməsi, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına sərf olunan enerjinin daha səmərəli istifadəsi baxımından vacibdir. Bu işdə dövlət başçımız Trampın şəxsi nüfuzuna, əlaqələrinə diqqət çəkdi. Zəngəzur dəhlizi region üçün, bütövlükdə qlobal nizam üçün son dərəcə xüsusi bir məsələdir ki, həmin bu dəhlizin açılması ABŞ Prezidenti tərəfindən də təsdiqlənmişdir.
Müsahibə zamanı diqqəti çəkən amil Azərbaycan Prezidentinin torpağa, Vətənə, dövlətə, xalqa, dilimizə nə qədər bağlı olduğudur. Azərbaycanın hər bir şəhidinin, Azərbaycan ordusunun hər bir əsgərinin, bayrağımızın, Azərbaycanın hər bir vətəndaşının dövlət başçımız üçün son dərəcə qiymətli olduğunun bir daha şahid olduq.
Müsahibə Türk dünyası ilə münasibətlərin daha da inkişaf etdirilməsi, bu inkişafın bəzi tərəf və qüvvələrdə əsassız narahatlığa səbəb olmaması, Qarabağ və Şərqi Zəngəzurun bərpası baxımından da son dərəcə mühüm əhəmiyyət kəsb etməsi baxımından önəmlidir.
Dövlət başçımızın istər ingilis, istərsə də, rus dilində suallara olduqca dolğun, peşəkar, səlis, lakonik, bir o qədər də məzmunlu cavab verməsi fonunda, eyni zamanda Azərbaycan dilinin zənginliyinə diqqət çəkməsi, indiki və gələcək nəsilləri dilimizi qorumaq baxımından ehtiyatlı davranışa, həssas yanaşmaya səsləməsi Prezidentimizin torpağa duyduğu sevgisinə bərabərdir. Yəni, torpaq və dil sevgisi bu müsahibədə önə çıxan ən önəmli məqamdırsa, müsahibə bütövlükdə Prezidentimizin torpaq, dil, vətəndaş sevgisi üzərində qurulmuşdu.
Müsahibə həm də Azərbaycanın daxili siyasətində baş verən hadisələri də əhatə etdi. Yəni, dövlət başçımız bir daha bütün cəmiyyəti ona səslədi ki, məmur özbaşınalığı ilə bağlı heç kəs dözümlülük nümayiş etdirməli deyil. Yəni, bu işdə dövlət başçımız xalqımızdan da dəstək gözləyir. Təyin edilən, lakin etimada sədaqətsiz davrananları ələmək lazımdır.
Cənab Prezident bir daha ona diqqət çəkdi ki, bu gün dünyada haqlı olan amil gücdür. Bu şüarın əsas götürüldüyü bir zamanda, silahlanmanın artdığı bir vaxtda Azərbaycan Silahlı Qüvvələri inkişaf edir. Bu inkişaf davamlı, dayanıqlı, məntiqli olsa da, bizim atdığımız addımlar beynəlxalq hüquq çərçivəsindədir. Biz hərbi əməliyyatları da BMT Nizamnaməsinin 51-ci maddəsinə, xüsusilə özünün müdafiə hüququna əsaslanaraq həyata keçirdik".
Deputat müsahibədəki Fələstinlə bağlı mesajlara da toxundu: "Dövlət başçımızın Fələstinlə bağlı səsləndirdiyi fikirlər isə son dərəcə düzgün idi. Prezidentimiz bir daha bildirir ki, beynəlxalq hüquqa hörmət edirik, xalqların dərdinə şərik oluruq. Amma eyni zamanda olduqca aydın yanaşma ortaya qoyuruq. Fələstin də bizim müdafiə etmirdi və bu çərçivədə Azərbaycanın göstərmiş olduğu yanaşma son dərəcə yerində olan bir yanaşmadır ki, bu məsələ ilə bağlı Ərəb Liqasının mövqeyi önəmlidir. Yəni, Azərbaycan harda dayanmağı, harda durmağı, proseslərə necə reaksiya verməyi, hətta verməməyi də çox gözəl bilir və şübhəsiz ki, buna da dövlət başçımızın siyasi bilikləri, dünya siyasətinə bələd olması, zəngin təcrübəsi, beynəlxalq platformalarda hər bir xırda detalla bağlı məlumatlı olması icazə verir.
Bütövlükdə, müsahibə olduqca məzmunlu, yerində, zamanında, kifayət qədər isə mənayüklü bir müsahibə idi".
Cavanşir ABBASLI
Musavat.com






