İranda gərginlik kritik mərhələyə daxil olur.
Musavat.com xəbər verir ki, Rza Pəhləvinin çağırışı ilə etirazçıların bu gecə şəhər mərkəzlərini və dövlət binalarını ələ keçirməyə cəhd edəcəyi gözlənilir.
Məlumata görə, Bəsic artıq bir çox şəhərin mərkəzində barikadalar qurub və təhlükəsizlik rejimini maksimum səviyyəyə qaldırıb.
Paramilitar qurum yaydığı bəyanatda açıq şəkildə bildirir:
“Biz İslam inqilabına və ali rəhbərə sona qədər sadiqik. Bütün qüvvələrimiz inqilabı və dövləti qorumaq üçün hazır vəziyyətdədir”.
Eyni zamanda, İranın ali rəhbəri Əli Xamenei rejimə dəstək nümayişini gücləndirmək məqsədilə tərəfdarlarını 12 yanvar tarixində Tehranın mərkəzi Enqelab meydanına çağırıb.
Bu çağırış hakimiyyətin küçə təşəbbüsünü itirməmək və etiraz dalğasına kütləvi səfərbərliklə cavab vermək niyyətini ortaya qoyur.
Digər tərəfdən, şah ailəsinin varisi Rza Pəhləvinin çağırışları etirazçıları daha koordinasiyalı və mərkəzləşdirilmiş hərəkətə təşviq edir. Bu isə qarşıdakı saatlarda Tehran və digər iri şəhərlərdə toqquşma riskini kəskin artırır.
Meydanlar uğrunda mübarizə İranda proseslərin taleyini müəyyən edəcək əsas sınağa çevrilir: ya hakimiyyət küçəni tam nəzarətə alacaq, ya da etirazlar yeni, daha sərt mərhələyə keçəcək.
Musavat.com






