İran Oman körfəzində xarici neft tankerini ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yanacaq qaçaqmalçılığında şübhəli bilinən gəminin 18 nəfərlik bütün heyəti saxlanılıb.
Tanker təxminən 37 min barel, yəni 6 milyon litr neft daşıyırmış. Hakimiyyət orqanları yükün təyinat yerini və gəminin mənsubiyyətini açıqlamayıb.
Qeyd edək ki, noyabr ayında İran Hörmüz boğazında Marşal adaları bayrağı altında üzən "Talara" tankerini saxlayıb, gəmi bir neçə gün sonra yüksüz olaraq azad edilib.
Agentliyin məlumatına görə, bu hadisələr ABŞ-ın Venesuela sahillərində İran neft ticarəti ilə əlaqəsi olduğu iddia edilən bir tankeri ələ keçirməsi xəbərləri fonunda baş verib.
Tehran iki hadisə arasında hər hansı bir əlaqəni təsdiqləməsə də, İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın əvvəlki hərəkətlərini "dövlət piratçılığı" adlandırıb və mümkün nəticələr barədə xəbərdarlıq edib.
Musavat.com






