İranın Naxçıvana hücumu “Shahed” pilotsuz təyyarəsi ilə deyil, uzaq mənzilli “Arash-2” kamikadze PUA vasitəsilə həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
İran istehsalı “Arash-2” kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) uzun mənzilli zərbə vasitəsidir. Dron uzaq məsafədə yerləşən strateji hədəfləri vurmaq üçün nəzərdə tutulub.
30–50 kiloqram çəkidə partlayıcı döyüş başlığı daşıyan dronun təxmini uçuş məsafəsi 1500–2000 kilometrdir. Bəzi mənbələrdə bu mənzilin daha yüksək ola biləcəyi də iddia olunur.
Texniki xüsusiyyətlərinə görə, “Arash-2”nin sürəti saatda təxminən 185 km, ümumi çəkisi isə 200 kiloqramdır. Dronun uzunluğu 4,5 metr, qanad açıqlığı isə 4 metr təşkil edir. Maksimum uçuş hündürlüyünün təxminən 3.657 metr olduğu qeyd olunur.
Qeyd edək ki, İran silahlı qüvvələri tərəfindən İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki infrastruktura pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bir dron Naxçıvan hava limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hücum nəticəsində hava limanının binasına zərər dəyib və iki nəfər mülki şəxs xəsarət alıb.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib və müvafiq etiraz notası təqdim olunacaq.
Musavat.com






