İranda davam edən etirazlar artıq klassik etiraz mərhələsini geridə qoyaraq açıq zorakılıq və küçə qarşıdurmaları fazasına daxil olub. Ölkənin müxtəlif şəhərlərindən yayılan videolar vəziyyətin sürətlə nəzarətdən çıxdığını göstərir.
Musavat.com xəbər verir ki, Xorasan əyalətinin Sabzevar şəhərində etirazçılar Bəsic qüvvələrinin qərargahına yandırıcı qarışıq olan butulka, molotov atıblar. Hadisə anı videoya düşüb. Görüntülərdə binanın qarşısında alovun yüksəldiyi, ərazidə ciddi gərginliyin yarandığı açıq şəkildə görünür.
Digər bir video Həmədan şəhərindən yayılıb. Kadrlarda etirazçıların təhlükəsizlik qüvvələrinin bir əməkdaşını yerə yıxaraq kütləvi şəkildə döydüyü əks olunur. Hadisə zamanı ərazidə faktiki nəzarətin olmadığı, xaosun hökm sürdüyü diqqət çəkir.
Bununla yanaşı, sosial şəbəkələrdə paylaşılan başqa görüntülər etirazçıların artıq güc strukturlarının əməkdaşlarını birbaşa hədəf aldığını göstərir. Videolarda təhlükəsizlik qüvvələrinin təqib edildiyi, hücum riskindən yayınmağa çalışdığı aydın görünür. Bu tendensiya etirazların yeni mərhələyə – açıq qarşıdurma və təqib mərhələsinə keçdiyini ortaya qoyur.
Baş verənlərin miqyasının genişlənməsi İranda daxili sabitliyin sürətlə aşındığını və proseslərin nəzarətsiz zorakılıq spiralına daxil olduğunu göstərir. Mövcud vəziyyət ölkə daxilində daha genişmiqyaslı təhlükəsizlik böhranı riskini ciddi şəkildə artırır.
Musavat.com






