İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu gün Qüds Günü yürüşündə Tehran küçələrində sərbəst şəkildə gəzərək ABŞ prezidenti Donald Trampı hədəf alan açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Laricani açıqlamasında bildirib:
"Tramp İran xalqının yetkin, güclü və qətiyyətli olduğunu anlamır. ABŞ-nin təzyiqi nə qədər çox olarsa, xalqın iradəsi də bir o qədər güclü olar. İsrail rejiminin yürüşə hücumları onun çarəsizliyini göstərir".
Tehranda sərbəst şəkildə gəzən digər yüksək vəzifəli rəsmilər arasında İranın xarici işlər naziri Abbas Araqçi, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei, İran Milli Polis Təşkilatının rəhbəri Sərdar Əhmədreza Radan, İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami, həmçinin ölkənin yol və şəhərsalma naziri Fərzanə Sadiq də yer alıb.
İranın xarici işlər naziri Abbas Araqçi də ABŞ və İsrailə mesaj göndərib:
"Bu gün İran Qüds Gününü qeyd edir. İsrail və ABŞ-nin vəhşi hücumlarına baxmayaraq, milyonlarla iranlı Tehranın və digər şəhərlərin küçələrinə çıxaraq güclü iradə və qətiyyətlərini nümayiş etdirdilər. Düşmənlər İran xalqının gücünü etiraf etmək məcburiyyətində qalacaqlar".
Musavat.com






