Türkiyə İranda mümkün müharibə və bunun yarada biləcəyi kütləvi miqrasiya dalğası riskinə görə İranla sərhəddə nəzarəti artırmaq üçün yeni ssenarilər hazırlayır. Məqsəd mümkün axının Türkiyə ərazisinə keçməsinin qarşısını almaq və insanların imkan daxilində İran tərəfdə qalmasını təmin etməkdir.
Musavat.com xəbər verir ki, Xarici İşlər Nazirliyi parlamentin Xarici Əlaqələr Komissiyasına A, B və C olmaqla üç fərqli planı əhatə edən məxfi hesabat təqdim edib.
Məlumata görə, hesabatda sərhəd xəttində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi əsas istiqamət kimi göstərilir. Eyni zamanda zərurət yaranarsa, Türkiyə–İran sərhədi boyunca “bufer zona” modelinin tətbiqi də nəzərdə tutulur.
Türkiyə mediası yazır ki, sənəd qapalı iclasda müzakirə olunub və rəsmi dairələr ən sərt ssenarilərə də hazır olduqlarını bildiriblər. Ankarada hesab olunur ki, İranda genişmiqyaslı hərbi qarşıdurma və ya dərin daxili gərginlik qaçılmaz olaraq böyük miqrasiya dalğasına səbəb ola bilər.
Hesabatda İranda artan gərginlik, daxili qarşıdurma ehtimalları və mümkün humanitar problemlər ayrıca təhlil edilib. Bildirilir ki, bu proseslər Türkiyənin milli təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
Musavat.com






