İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Bakı ilə İrəvanın arasını “vurur” – HİYLƏ, yoxsa...

1623 08.06.2026 14:07 İqtisadiyyat A A

Rusiya prezidentinin xüsusi nümayəndəsi Boris Titov kənd təsərrüfatı məhsullarının tədarükü baxımından Azərbaycanın Rusiyaya Ermənistandan daha çox məhsul təqdim edə biləcəyini bildirib. Onun sözlərinə görə, Rusiya bazarında Ermənistan kənd təsərrüfatı məhsullarının yerini Azərbaycan məhsulları tuta bilər. Titov qeyd edib ki, kənd təsərrüfatı sahəsində Azərbaycanın istehsal və ixrac potensialı Ermənistandan daha genişdir və bu, Rusiyanın tələbatının ödənilməsində mühüm rol oynaya bilər.

Maraqlıdır, Rusiya həqiqətən də Azərbaycana belə bir fürsət, meydan verərmi, yoxsa ölkəmizin adından istifadə edərək Ermənistanı şantaj edir?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Rusiyada iqtisadiyyat siyasətdən ayrı fəaliyyət göstərməyib: “Odur ki, bu məhdudiyyətləri “fitosanitar problem” kimi təqdim etmək gülüncdür. Bu qərarın vaxtı, forması və siyasi fonu göstərir ki, Moskva yenə də iqtisadi alətləri siyasi təzyiq vasitəsinə çevirib. İrəvanın KTMT-dən uzaqlaşma, Avropa İttifaqı ilə yaxınlaşma, Rusiyanın bölgədəki təsir imkanlarını məhdudlaşdırmaq cəhdləri Moskvanın xoşuna gəlmir. Belə bir vaxtda Ermənistan məhsullarının Rusiya bazarına girişində problemlərin yaranması nə təsadüf, nə də hər hansı bir uyğunsuzluqdur”.

Son illər sosial-iqtisadi sahədə aparılan islahatlar dövlətimizi daha da  gücləndirir - "İki sahil"

Sona Əliyeva hesab edir ki, Rusiya açıq şəkildə cəzalandırma düyməsinə basıb:

“Burada Azərbaycanın adının çəkilməsi də təsadüfi deyil. Rusiya demək istəyir ki, “Alternativlər hər zaman mövcuddur və heç kim əvəzolunmaz deyil”. Bu mesaj təkcə rəsmi İrəvana deyil, həm də erməni seçicisinə də ünvanlanıb. Rəsmi Moskva deyir ki, əgər siz Qərb xəttini seçsəniz, Rusiya bazarını, iş imkanlarını, ixrac yollarını itirə bilərsiniz. Bu, klassik Moskva üslubudur. Əvvəl iqtisadi qapını bağlayır, sonra siyasi nəticə gözləyir”.

Onun dediyinə görə, Azərbaycan Rusiyaya pomidor, alma, gilas, fındıq və digər kənd təsərrüfatı məhsullarının ən böyük tədarükçülərindən biridir: “Ermənistanın istehsal gücü isə fiziki olaraq Rusiyanın nəhəng bazar tələbatını tam ödəmək iqliminə və miqyasına sahib deyil. Logistika baxımından da üstünlüyümüz var. Rusiya ilə birbaşa sərhəd, daha əlverişli nəqliyyat xətti və daha geniş istehsal bazası Azərbaycanı Ermənistanla müqayisədə daha ciddi tərəfdaşa çevirir”.

Siyasi təhlilçinin sözlərinə görə, məsələni şişirtmək lazım deyil: “Azərbaycan bütün sahələrdə Ermənistanın boşluğunu dolduracaq potensiala malik deyil. Ona görə bu prosesə “Azərbaycan üçün böyük və risksiz fürsət” kimi baxmaq da yalnışdır. Həmçinin deyək ki, Rusiya Azərbaycana bu fürsəti verdi. Lakin bu proses ancaq müəyyən şərtlərlə və Rusiyanın öz maraqları daxilində baş tuta bilər. Moskva heç vaxt hər hansı bir ölkəyə tamamilə güzəştsiz və daimi "yaşıl işıq" yandırmır. Azərbaycan sahibkarlarının Rusiya bazarında genişlənməsi ölkəmizə valyuta axını baxımından xeyirlidir. Lakin unutmamaq lazımdır ki, Rusiya rəhbərliyi sabah eyni iqtisadi silahı Bakıya qarşı da təzyiq vasitəsi kimi istifadə etmək iqtidarındadır”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR