İran və ABŞ Yaxın Şərqdə münaqişənin dayandırılması çərçivəsində qarşılıqlı güzəştləri razılaşdırıblar. Bu barədə "Axios" məlumat yayıb.
Agentliyin istinad etdiyi ABŞ mənbələrinə görə, İran münaqişənin dayandırılmasına dair ABŞ ilə razılaşma çərçivəsində uranın zənginləşdirilməsinə moratorium tətbiq etməli olacaq. Buna cavab olaraq ABŞ sanksiyaları ləğv etməyə və İranın dondurulmuş fondlarındakı milyardlarla dolları sərbəst buraxmağa razılaşacaq. Yekunda hər iki tərəf Hörmüz boğazından tranzitə qoyulan məhdudiyyətləri aradan qaldıracaq. "Axios" onu da xəbər verir ki, ABŞ yaxın 48 saat ərzində İrandan cavab gözləyir.
Tərəflərdən heç biri hələlik bu məlumatları rəsmi səviyyədə şərh etməyib.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirdi ki, əgər iddialar doğrudursa, deməli, tərəflər qarşılıqlı kompromisə hazırdırlar: “Bu, müsbət siqnaldır. Çünki hər iki dövlət başa düşməlidir ki, bu konfliktin qarşılıqlı kompromissiz həlli yoxdur. Üstəlik, tərəflərin maksimalist tələbləri vəziyyəti daha da qəlizləşdirir və gərginlikdə maraqlı olan oyunçuların əlinə "kart" verir". Məncə, həm Tehran, həm də Vaşinqton bunu anlayır. Qarşılıqlı güzəşt hər iki tərəf üçün məqbul variantdır. Proses müsbət istiqamətdə davam edə bilər. Hərçənd İsrail və digər oyunçuların müsbət dinamikanın qarşısını almaq üçün səy göstərmələri mümkündür. ABŞ və İran bunu nəzərə almalı, təmkinli və soyuqqanlı davranmalıdır”.
Cavanşir ABBASLI
Musavat.com






