Venesuela Hərbi Hava Qüvvələri İran istehsalı olan Mohajer-6 kəşfiyyat və hücum dronlarının bir dəstəsini alıb.
Musavat.com xəbər verir ki, məlumatı Army Recognition yayıb. Bildirilir ki, nə Venesuela, nə də İran bu məlumatı rəsmi olaraq təsdiqləməyib. Lakin sosial mediada yerləşdirilən fotolara görə, bu dronlar artıq Venesuela Hərbi Hava Qüvvələrinin əsas əməliyyat aviabazası olan El Libertadorda müşahidə olunub.
Nəşr hesab edir ki, bu dronların yerləşdirilməsi Venesuelanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və Karib dənizində yerləşən ABŞ qüvvələri üçün yeni əməliyyat riskləri yaradır. Qeyd edək ki, Venesuela ilk dəfə olaraq İran istehsalı olanlar da daxil olmaqla, silah daşıya bilən kəşfiyyat dronunu istifadəyə qəbul edib.
"Mohajer-6" orta hündürlükdə, 600 kq ağırlığında olan, 5,5 km-ə qədər hündürlükdə 12 saata qədər havada qala bilən və maksimum 200 km-dən çox məsafəyə malik pilotsuz uçuş aparatıdır. O, elektro-optik və infraqırmızı görüntüləmə sistemləri, lazer məsafəölçənləri və hədəf təyinediciləri olan çoxfunksiyalı fırlanan qüllə ilə təchiz olunub ki, bu da ona həm gündüz, həm də gecə quru və dəniz hədəflərini müəyyən etməyə, izləməyə və vurmağa imkan verir. Pilotsuz təyyarə dörd idarə olunan bomba və ya raket daşıya bilir.
Bu arada, 30 dekabrda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) dron ticarəti ilə əlaqədar İran və Venesueladan olan fərdlərə və təşkilatlara sanksiyalar tətbiq edib.
Musavat.com






