Ötən ilin sonlarından başlayaraq Tehranda və İranın bir sıra bölgələrində başlayan etiraz aksiyaları səngimək bilmir.
İlk günlərdə etiraz aksiyaları sosial-iqtisadi gərginliklə əlaqədar başlasa da, müəyyən siyasi tələblərin irəli sürülməsi, etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən güllələnməsi və buna cavab kimi kütlələrin dövlət orqanlarının binalarını ələ keçirməsi, binaları və məscidləri yandırması nəticəsində ayrı-ayrı yerlərdə etirazın kütləvi iğtişaşlara çevrilməsi İranı dərin siyasi böhran vəziyyətinə gətirib çıxarırb.
Sabiq deputat, siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki,
İranda islahatçı düşərgənin təmsilçisi kimi tanınan Məsud Pezeşkian prezident seçildikdən sonra o, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdı: “Bütövlükdə İranın beynəlxalq təcriddən çıxarmaq istiqamətində müəyyən addımlar atması, bəzi islahatların, o cümlədən Qərblə dialoqun bərpası anonsunu verməsi ölkəni faktiki idarə edən mühafizəkar dini rejimin müqaviməti ilə qarşılaşdı. Bu da öz növbəsində hakimiyyətdaxili qarşıdurmanın açıq müstəviyə keçməsinə və ölkədəki böhranın daha da kəskinləşməsinə səbəb oldu”.
Q.Əlibəylinin sözlərinə görə, belə böhran vəziyyəti baş verən proseslərdən öz geosiyasi maraqları naminə istifadə etməyə çalışan bəzi xarici gücləri də hərəkətə gətirdi: “Bu məsələdə ilk növbədə ABŞ prezidenti Trampın etirazçılara qarşı güc tətbiq ediləcəyi təqdirdə İrana silahlı müdaxilə edəcəyi ilə hədələməsini, etirazçıları dövlət binalarını ələ keçirməyə çağırmasını, İsrailin də hərbi müdaxilə mövqeyindən çıxış etməsini, monarxiyanın bərpasını gündəmə gətirməsini və keçmiş şahın oğlunu meydana çıxarmasını, xaricdə yaşayan iranlı mühacirlərdən istifadə etməsini xatırlamaq kifayətdir. Artıq etiraz aksiyalarının sonrakı gedişində bu müdaxilə aydın şəkildə sezilməkdədir. Hər 2 dövlət və bəzi Avropa ölkələri İrandakı böhranın dərinləşməsində maraqlı olduqlarını və bu böhrandan mövcud hakimiyyətə qarşı istifadə etmək istədiklərini gizlətmirlər də”.
Politoloq bildirir ki, xarici müdaxilənin İranda demokratik proseslərə rəvac vermək, insan hüquqlarını qorumaq, siyasi və iqtisadi islahatlara başlamaq niyyəti ilə edildiyini düşünmək sadəlövhlük olardı: “Müdaxilə edən dövlətlərin hər biri İranda özünün geosiyasi maraqlarını təmin edən bir hakimiyyət görmək istəyir. Bu mənada həmin maraqlar üst-üstə düşməyə də bilər”.
Q.Əlibəylinin fikrincə, İsrail tərəfdən ortaya atılmış yeni orta şərq layihəsini də unutmaq olmaz: “Bu layihəyə görə Suriya, İraq, Türkiyə ərazilərinin bir hissəsində və Güney Azərbaycan ərazisində kürd dövləti yaradılması nəzərdə tutulur”.
Bəs xarici dövlətlərin İrana birbaşa hərbi müdaxilə etməsi ehtimalı varmı? Ekspert düşünür ki, İran əhalisinin ABŞ və İsrailə münasibətini nəzərə alsaq, Venesuelada olduğu kimi bir əməliyyatın keçirilməsi və ya genişmiqyaslı hərbi müdaxilə və müharibə ehtimalının çox da böyük olmadığı qənaətinə gəlmək olar: “İndiki böhran şəraitində ABŞ və İsraillə İranın genişmiqyaslı müharibə aparmaq imkanı olmasa da, belə bir müharibənin İranda rejim dəyişikliyinə gətirib çıxaracağı mümkün görünmür. Belə müharibəyə qarşı İranda ciddi müqavimətin olacağı və mövcud rejimə qarşı olan etirazların istiqamətini ABŞ və İsrailə qarşı yönələcəyi şübhəsizdir. Digər tərəfdən genişmiqyaslı hərbi müdaxilə və müharibə təkcə İran üçün deyil, bütövlükdə region üçün də son dərəcə təhlükəlidir”.
Bununla belə, Q.Əlibəyli hesab edir ki, ötən ilin iyun ayında olduğu kimi, qısamüddətli hərbi əməliyyatlar, xüsusən də raket hücumlarını istisna etmək olmaz: “Qısamüddətli hərbi əməliyyatlar mövcud rejimi daha da zəiflətmək, tədricən çökdürmək və ya dəyişdirmək, o cümlədən bütövlükdə İranı xaos vəziyyətinə gətirmək məqsədilə həyata keçirilə bilər. Zəifləmiş rejim və ölkənin xaos vəziyyətinə gətirilməsi ABŞ və İsrailin İranla bağlı geosiyasi maraqlarının təmin olunması üçün əlverişli zəmin yarada bilər".
Cavanşir Abbaslı,
Musavat.com






