ABŞ İrana hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, Vaşinqton bu addımı İran qüvvələrinin Hörmüz boğazı üzərində ABŞ-a məxsus “Apache” helikopterini vurmasından sonra atıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlamasında İrana qarşı hərbi əməliyyat həyata keçirildiyini təsdiqləyib. Komandanlıq zərbələrin özünümüdafiə məqsədilə endirildiyini bildirib.
Məlumata görə, ABŞ-ın cavab zərbələri İranın Hörmüz boğazı bölgəsində yerləşən bir sıra strateji məntəqələrini əhatə edib. Sirik şəhərində, həmçinin Qeşm adası və Bəndər-Abbasda partlayışlar qeydə alınıb.
ABŞ prezidenti Donald Tramp da hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, İran qüvvələri ötən gecə Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirən ABŞ helikopterlərindən birini vurub.
Trampın sözlərinə görə, helikopterdə olan iki pilot sağ qalıb və xəsarət almayıb. ABŞ prezidenti vurğulayıb ki, İranın bu hücumundan sonra Vaşinqton cavab vermək məcburiyyətində qalıb.
Musavat.com






