İranın ABŞ-la mümkün razılaşma istiqamətində Pakistan vasitəsilə Vaşinqtona təqdim etdiyi yeni “Yol xəritəsi” tərəflər arasında fikir ayrılıqlarını bir daha üzə çıxarıb. 14 maddədən ibarət olduğu bildirilən bu təklif paketindəki bəndlərin tam detalları məlum deyil.
Lakin nüvə proqramı və Hörmüz boğazının statusu kimi həssas məsələləri əhatə etdiyi dəqiqdir. Artıq bu barədə məlumatlar da tirajlanmaqdadır.
ABŞ prezidenti Donald Tramp sənədi qəbuledilməz saydığını açıqlayaraq danışıqların mürəkkəb mərhələyə daxil olduğunu göstərib.
Mövcud vəziyyət onu deməyə əsas verir ki, diplomatik təmaslar davam etsə də, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Bu isə bölgədə mümkün eskalasiya ehtimalını gündəmə gətirir.
İranın təkliflərinin qəbul olunmaması fonunda bu addımlar müharibəyə aparır sualı yenidən aktuallaşıb .
Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a dedi ki, İranın ABŞ-a təqdim etdiyi 14 bəndlik təkliflərin əsas prioriteti müharibə zamanı dəyən zərərin kompensasiyası, müharibənin dayandırılması, bir daha müharibənin olmaması barədə təminat və Hörmüz boğazının bundan sonrakı taleyidir: "Gələn məlumatlardan anlaşılan odur ki, İran yalnız bu təklifləri keçəcəyi təqdirdə, nüvə danışıqlarına başlaya biləcəyini bildirib.
Tehran faktiki olaraq Hörmüz kartından geniş istifadə etməyə çalışır. Lakin ABŞ-ın dəniz blokadası addımı bu kartı getdikcə İranın öz əleyhinə çevirməyə başlayır. Bu səbəbdən də Tehran Hörmüz kartının nə qədər işə yarayır, qısa zamanda onu dividentə çevirməyə çalışır.
Kompensasiya tələbi, habelə Hörmüz məsələsi ABŞ tərəfindən qəbul edilməyəcək. Bu birmənalıdır. Bunu Vaşinqton artıq dəfələrlə bəyan edib. Və Ağ Ev üçün əsas məsələ nüvə mövzusudur. O olmazsa, heç bir anlaşma olmayacaq".
Ekspert onu da qeyd etdi ki, ABŞ və İran arasında müharibə ehtimalı hələ də yüksəkdir: "ABŞ və İsrail 38 gündə İranın əsas dayaqlarına ciddi zərbə endirib. Həmin problemləri aradan qaldırmaq üçün İrana ən azı 1 ilə yaxın vaxt lazımdır. Bəzi məsələlərdə isə bu müddət iki ilə qədər uzana bilər.
Ona görə də, ABŞ-ın növbəti hərbi həmləsi İranı daha ağır duruma salmaqla yanaşı, həm də dərin və uzunmüddətli böhrana sürükləyə bilər. Bu dəfə həmçinin ABŞ-ın yeni silahlardan istifadə edəcəyi də istisna deyil. Modern silahların önünü kəsmək İranın imkanları xaricindədir. Buna görə də, İrandakı rejim hər nə qədər “asaram, kəsərəm” bəyanatları versə də, arxa planda üzləşəcəyi vəziyyətin də fərqindədir. Danışıqlar prosesini yubatmaqla da vaxt qazanmağa, bəzi resursları bərpa etməyə çalışır. Tehran ümid edir ki, ABŞ yekunda onunla ortaq məxrəcə gələcək.
Düşünürəm ki, mayın ortalarına doğru ABŞ və İsrail kiçik də olsa İrana qarşı hərbi əməliyyatları test edəcək. Və danışıqlar limitinin yayın ortasına qədər uzanacağı istisna deyil. Bundan sonrakı mərhələ isə çevik, dəqiq və kütləvi hədəf vurma ilə müşahidə olunacaq.
Bu əsnada, ABŞ və İsrail İranı daxildən də sıxışdırmağa və qarışdırmağa çalışacaq. Bunun bəzi ilkin təzahürləri müşahidə edilsə də, hələlik qəti nəsə demək mümkün deyil. Bu plan bütün limitlər işə düşdükdən sonra start götürə bilər".
Cavanşir Abbaslı
Musavat.com






