Ermənistanda seçkilər öncəsi siyasi səhnədə yeni namizəd ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Ermənistanın “Yeni güc” partiyası parlament seçkilərində iştirak edəcəyini açıqlayıb və Ayk Marutyanı baş nazir postuna namizəd kimi irəli sürüb.
Qərar partiyanın bugünkü iclasında elan olunub. Bildirilib ki, seçkilər 7 iyun tarixində keçiriləcək.
Marutyan çıxışında son illərdə ölkədə baş verənləri tənqid edib. Onun sözlərinə görə, 2021-ci ildən keçən müddətdə ciddi irəliləyiş müşahidə olunmayıb.
“2018-ci ildə biz belə alçaldıcı vəziyyətin, fəlakətlərin və qanun pozuntularının şahidi olacağımızı təsəvvür etmirdik. Amma təəssüf ki, bunların hamısı baş verdi”, - deyə Ayk Marutyan bildirib.
Marutyan qeyd edib ki, qarşıdan gələn seçkilər Ermənistan üçün mühüm əhəmiyyət daşıyır və ermənilər çətin seçim qarşısındadır.
Onun sözlərinə görə, siyasi səhnədə çoxsaylı partiyalar olsa da, vəziyyət göründüyü qədər sadə deyil və proseslərin arxasında müxtəlif maraqlar dayanır.
Musavat.com






