İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın 28 may paradı Moskvaya mesajdır

1430 20.05.2026 15:14 Siyasət A A

Deputat və hərbi ekspertdən ilginc reaksiyalar

Moskva ilə gərginləşən münasibətlər fonunda Ermənistan hökumətinin Respublika meydanında hərbi parada hazırlaşması xüsusi diqqət çəkir. Xüsusilə revanşistlərə yaxın mediada ən müxtəlif təhlillər verilir. “Azərbaycan buna etiraz etməyib. Baxmayaraq ki, nümayiş etdirilən silahları özünə qarşı yönəlmiş kimi qəbul etdiyini və bunu erməni revanşizminin təzahürü hesab etdiyini bəyan edə bilərdi. Lakin Bakı səssiz qalır, görünür, bu qoşunların, silahların və texnikanın Azərbaycanla heç bir əlaqəsi olmadığına əmindir. Onda sual yaranır: bu parad niyə keçirilir və kimə qarşı yönəlib?”, - deyə Hraparak.am yazır.

Nəşr 28 may paradının bir neçə mesajı olduğunu yazır: “Bir nəzəriyyə görə, parad yalnız daxili siyasi, seçkiqabağı məqsədləri - hökumətin öz gücünün ictimaiyyətə nümayişini hədəfləyir. Başqa sözlə, hədəf xarici düşmən deyil, daxili müxalifət və mövcud hökumətə qarşı səs vermək niyyətində olan vətəndaşların bir hissəsidir. Paşinyan öz ictimaiyyətinə silah və qoşun nümayiş etdirməklə, sanki deyir: "Baxın bizə qarşı olsanız, nə ilə qarşılaşarsınız..."

Erməni nəşri daha sonra yazır ki, əslində bu parad Rusiyaya və Ermənistandakı Rusiya hərbi mövcudluğuna qarşı yönəlib: “Görünür, Paşinyan Moskvaya hökumətinin göründüyü qədər müdafiəsiz olmadığını və lazım gələrsə, öz silahlı qüvvələrinə güvənə biləcəyini nümayiş etdirməyə çalışır”.

“Stratfor” beyin mərkəzi isə hesab edir ki, seçkilər ərəfəsində Rusiya Paşinyana qarşı informasiya təzyiqlərini artıracaq, lakin münasibətləri açıq şəkildə gərginləşdirməkdən çəkinəcək. Analitik mərkəz Kremlin birbaşa sərt qarşıdurmaya getmək istəmədiyini qeyd edir. Çünki bu, Ermənistanda Rusiyaya simpatiya ilə yanaşan qüvvələr arasında əks-effekt yarada bilər. Maraqlıdır ki, internetin Ermənistan seqmentində maskalı və silahlı şəxslərin Paşinyandan qisas almaq, onu məhv və yox etməklə hədələdiklərini əks etdirən videokadrlar yayılıb.

Fransadan alınan SEZAR özüyeriyən artilleriya sistemlərinin də nümayiş etdiriləcəyi hərbi paradın indiki durumda keçirilməsi sülh bəyanatları ilə üst-üstə düşmür. Paşinyanın silahları meydana çıxarmaqda əsl məqsədi nədir? Bəs, bu durumda Moskvanın planı nədən ibarətdir? “Stratfor”un təhlilini necə dəyərləndirmək olar?

“Stratfor” un təhlili göstərir ki, Paşinyan hakimiyyəti qarşıdakı seçkilər və Moskva ilə gərgin münasibətlər fonunda ilk növbədə daxili auditoriyaya, eyni zamanda Rusiyaya siyasi mesaj verməyə çalışır". Deputat Rizvan Nəbiyev bunu “Yeni Müsavat”a açıqlamasında deyib. O bildirib ki,  hərbi parad ilk növbədə hökumətin güc nümayişi və təhlükəsizlik gündəmini nəzarətdə saxladığını göstərmək məqsədi daşıyır: “Paşinyan hökuməti seçkiqabağı göstərmək istəyir ki, Köçəryan və Sərkisyan hökumətlərindən fərqli olaraq, real ordu yaradır, silah təchizatı mənbələrini diversifikasiya edir. Xüsusilə son illərdə Ermənistanın silahlanmaya böyük maliyyə vəsaiti ayırması, Fransa, Hindistan və digər ölkələrdən silah alması fonunda parad həm də ictimaiyyət qarşısında bu xərclərin əsaslandırılması kimi təqdim olunur.

Deputatlığa namizəd diplomat Rizvan Nəbiyev kimdir? - DOSYE - Operativ Media

Həm də məqsəd 44 günlük müharibədə darmadağın edilən Ermənistan ordusuna cəmiyyətin mənəvi etimadını bərpa etmək və bununla seçiciləri mobilizasiya etmək niyyəti də ortadadır".

R.Nəbiyevin fikrincə, paradın digər mühüm mesajı Rusiyaya yönəlib: “İrəvan bununla Moskvanın siyasi və informasiya təzyiqlərinə baxmayaraq, öz təhlükəsizlik imkanlarını və müstəqil qərarvermə iddiasını nümayiş etdirməyə çalışır. Azərbaycan bu paradı daha çox Ermənistanın daxili siyasi və geosiyasi balans axtarışının elementi hesab edir. Moskva da hələlik açıq qarşıdurmadan yayınmağa çalışır. Çünki Kreml anlayır ki, sərt təzyiq Ermənistanda anti-Rusiya meyllərini daha da gücləndirə bilər. Bu baxımdan, "Stratfor"un qiymətləndirməsi kifayət qədər realist görünür: yaxın dövrdə Rusiya-Ermənistan münasibətlərində informasiya və siyasi təzyiqlər artsa da, tərəflərin açıq qarşıdurmadan yayınmağa çalışacağı ehtimalı daha yüksəkdir".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə bildirdi ki, Ermənistanın 28 mayda keçirəcəyi hərbi parad ilk növbədə seçkiyə hesablanıb: “İkincisi, əlbəttə ki, 102-ci bazaya mesajdır. Çünki son vaxtlar xüsusən Rusiya cəbhəsindən, Kremldən Paşinyana çox böyük hədələr səsləndirilir”.

Kəndimizin yerini heç nə verə bilməz...”- 60 illiyi tamamlanan Üzeyir  Cəfərov

Polkovnikin proqnozuna görə, bu hərbi paraddan sonra artıq Paşinyan rahat şəkildə bəyan edə bilər ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yollarımızı ayırırıq: “Yəni indiyə qədər KTMT yalnız Ermənistana sözdə dəstək olurdu, amma bu paradda nümayiş etdiriləcək xarici silahlar, Qərb silahları Paşinyana müəyyən imkanlar yaradacaq. Yəni o bəyan eləsin ki, yeni müttəfiqlərimiz bizə sözdə deyil, işdə kömək edirlər. Orada Hindistan da var, Yunanıstan da, Çin də, sonra digər ölkələr də var. Bir sözlə, mən hesab edirəm ki, əlbəttə ki, seçkilər ərəfəsində Ermənistan hakimiyyətinə çox güclü təzyiqlər var. İyunun yekunu yaxınlaşdıqca Paşinyana qarşı hədələr artır. Elə o hədələrin biri 18 mayda Paşinyana qarşı bəzi silahlılar tərəfindən təhdid formasında özünü göstərdi. Əlbəttə, Ermənistanda da çox gözəl bilirlər ki, bu, Kremlin tərəfindən təşkil olunmuş bir addımdır, hərəkətdir və Paşinyan da bunu heç bir halda həzm etməyəcək. Paşinyan özünə son dərəcə arxayındır, sadəcə, bir qədər diqqətli olmalıdır ki, bu arada ona qarşı hansısa silahlı təxribat və yaxud da sui-qəsd həyata keçirilməsin. Çünki Rusiyan anlayır ki, bu seçkidə əgər Paşinyan yenidən üstünlük qazanacaqsa, artıq Rusiya yavaş-yavaş 102-ci hərbi bazanın məsələsinin tezliklə, yəni 2044-cü ildən daha tez gündəmə gələcək. Ona görə də Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, bundan əvvəl Overçukun, ondan əvvəl Mixail Qaluzinin, elə Putinlə görüşdə də Rusiya prezidentinin özünün səsləndirdiyi bəzi fikirlər Paşinyana psixoloji təzyiq idi. Amma Paşinyan öz mövqeyində açıqdır, qətidir. Ona görə mən hesab edirəm ki, Paşinyan bu tempdə, bu istiqamətdə davam etsə, rahat şəkildə seçkini qazana bilər”. Ü.Cəfərov “Stratfor” beyin mərkəzinin seçkilər ərəfəsində Rusiyanın Paşinyana qarşı təkcə informasiya təzyiqləri deyil, digər təzyiqləri də edəcəyi ilə bağlı məlumatına inandığını bildirdi: “Onu da bilirəm ki, Rusiya son anda vəziyyəti gərginləşdirmək üçün var gücü ilə çalışmağa başlayacaq. Artıq biz bunu, yəni Moskvanın planının nədən ibarət olduğunu görürük. Amma Paşinyan da nə qədər özü üçün ehtiyatlı davranır və yəqin ki, o, sonda istədiyinə nail olacaq. Mənim yanaşmam ondan ibarətdir ki, Paşinyana çox güclü dəstək var. Ermənistan xalqı da artıq başa düşür ki, əvvəlki səhnə olmayacaq. Yəni Rusiya Cənubi Qafqazda, konkret olaraq Ermənistanda dominantlıq edirdi. İndi isə artıq Qərbin maliyyə yardımları, sonra Qərbin ordunu gücləndirmək səyləri olacaq, necə ki, var. Mən bundan zərrə qədər də narahat deyiləm, çünki Azərbaycana çatmaq üçün Ermənistana hələ xeyli müddət lazımdır. Amma o silahların Azərbaycana və ya Türkiyəyə yönəlməsini də mən düşünmürəm. Artıq həm Türkiyə ilə, həm Azərbaycanla tamamilə fərqli siyasi mənzərə olacaq. Artıq Ermənistan da başa düşür ki, indiyə qədər onlardan alət kimi istifadə ediblər və istifadə etdikləri kimi də sonra kənara atıblar”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR