“Gürcüstan Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirak edəcək, Türkiyə və Azərbaycandan hələlik cavab yoxdur”.
Musavat.com-un məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Qonşu ölkələrdən hansının İrəvandakı sammitdə iştirak edəcəyi ilə bağlı suala erməni diplomat belə cavab verib: “Gürcüstan, Azərbaycan və Türkiyə bu formatın üzvləridir, artıq onlara dəvətnamələr göndərilib. Gürcüstan tərəfindən baş nazirin (İrakli Kobaxidze) tədbirdə iştirak edəcəyi barədə təsdiqnaməmiz var, amma hazırda Türkiyə və Azərbaycandan heç bir təsdiq yoxdur”.
Avropa Siyasi Birliyinin sammiti mayın 12-də keçiriləcək.
Azərbaycan XİN-in hələlik mövzu ilə bağlı hər hansı açıqlaması və şərhi yoxdur.
Xatırladaq ki, Ermənistan rəsmi Bakının COP29 dəvətini qəbul etməmişdi. Bu mənada İrəvanın Bakı və Ankaraya ünvanlanan mesajı yersiz görünə bilər. Bəs Türkiyə və Azərbaycanın İrəvana cavabı necə olmalıdır və necə olacaq?
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın ən yüksək səviyyədə İrəvandakı sammitə qatılacağını real saymır: “Bu haqda xarici işlər naziri Ceyhun Bayramovun diplomatik xarakterli açıqlaması da var idi. Yəni o, cənab Prezidentin sıx qrafiki səbəbindən bunun mümkünsüzlüyünü bildirmişdi. Mən bu fikirdəyəm ki, bizim o sammitdə ən yüksək səviyyədə iştirak etməməyimizi şərtləndirən bir sıra başqa səbəblər var”. S.Alıyev qeyd etdi ki, burada Ermənistan təmsilçilərinin COP29-a qatılmamaları elə də mühüm rol oynamır: “Çünki necə deyərlər, o vaxtdan çox sular axıb, 8 avqust Vaşinqton razılaşması var və sair. Baxın, Avropa İttifaqında gizlətmirlər ki, bu sammitin İrəvanda təşkilində məqsəd Nikol Pashinyanın qələbəsini təmin etməkdən çox, Rusiyanı vurub, Ermənistandan çıxarmaqdır. Yəni Ermənistan baş nazirinə seçkiqabağı bu dəstək ona görə verilir ki, onun bu missiyanı yerinə yetirəcəyini düşünürlər. Və yəqin ki, ardından da Ermənistandan Rusiya necə faydalanırdısa, o cür faydalanmaq niyyətindədirlər. Ermənistandakı "mülki" missiyaları, biri azmış kimi, “hibrid təhdidlərə qarşı mübarizə” adı altında daha birinin, həm də iki illiyə ora göndərilməsi də bir növ bunu təsdiqləyir”.
Deputat bildirdi ki, Azərbaycan Ermənistanla əlaqələrə ikitərəfli format prizmasından yanaşır: “Biz orada mövqeləri üst-üstə düşməyən, biri o birini vurub Ermənistandan çıxarmağa və yerini tutmağa çalışan güclərdən hansınınsa deyil, öz maraqlarımızın yanındayıq. İstəyirik ki, ancaq öz milli maraqlarından çıxış edən, hər hansı geosiyasi gücün əlində alətə çevrilməyən, qarşılıqlı faydalı əməkdaşlıq qura biləcəyimiz Ermənistan olsun. Ermənistanda sammit keçirməyi planlaşdıranların da bunu istədiklərini, təəssüf ki, hələ görmürük. Ən azından Avropa Parliamentinin, İttifaqa üzv ayrı-ayrı parlamentlərin antisülh və anti-Azərbaycan xarakterli qətnamələri belə düşünməyə əsas vermir. Və üstəlik, Ermənistan rəhbərliyi özü də sözdə sülh gündəliyindən dəm vursa da, əməllərində bu baxımdan ardıcıllıq nəzərə çarpmır. Beynəlxalq kürsülərdə, digər ölkələrin rəsmiləri ilə görüşlərdə keçmiş "miatsum"çu rejimin başında duranların azadlığa buraxılması məsələsini qaldırmaları, "özünüburaxan"ların təmsilçilərinin yenidən Avropa paytaxtlarını sülənmələrinə göz yummaları, bəlkə də şərait yaratmaları, göz önündədir və biz bunu görməzdən gələ bilmərik”.
E.Paşasoy,
Musavat.com






