Almaniya İsraildən ballistik raketlərə qarşı müdafiə məqsədilə əlavə "Arrow 3" sistemləri almağı planlaşdırır.
Musavat.com xəbər verir ki, "Defense Express" nəşrinin yazdığına görə, Berlin dekabrın 18-də bu sistemlərin tədarükü ilə bağlı mövcud müqavilənin genişləndirilməsini nəzərdə tutan yeni sazişi imzalaya bilər.
Müqavilənin dəyərinin təxminən 3 milyard avro olacağı bildirilir.
Məlumata əsasən, tərəflər razılaşma çərçivəsində İsrailin "Arrow 3" sistemlərinin istehsal tempini əhəmiyyətli dərəcədə artırması barədə də anlaşa bilərlər.
Almaniyanın əlavə "Arrow 3" komplekslərinin alınmasını razılaşdırdığı barədə məlumatı "Bloomberg" yayıb.
Nəşr qeyd edir ki, dekabrın 17-də Almaniya qanunvericiləri ümumi dəyəri təxminən 59 milyard dollar olan rekord sayda silah tədarükü müqaviləsini təsdiqləyiblər.
"Defense Express" vurğulayır ki, İsrail istehsalı olan bu komplekslərlə bağlı saziş Almaniyanın satın aldığı digər silahlarla müqayisədə məbləğinə görə ilk beşlikdə yer alır.
Bundan əvvəl "Bloomberg" yazıb ki, "Arrow 3" üzrə müqavilə raketlərin Almaniyada birgə istehsalını da nəzərdə tutur. İstehsalın, böyük ehtimalla, "MBDA Deutschland" şirkətinin müəssisələrində həyata keçiriləcəyi bildirilir. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Nəticədə, 2023-cü ilin sentyabrında İsrail və Almaniya arasında Almaniya ordusu üçün "Arrow" sistemlərinin tədarükünə dair müqavilə imzalanıb. Həmin vaxt müqavilənin məbləği 3,5 milyard dollar təşkil edib və bu, İsrail üçün rekord ixrac müqaviləsi olub.
Məqalədə qeyd olunur ki, əlavə müqavilə imzalandığı təqdirdə Almaniyanın "Arrow 3" sistemləri üzrə ümumi sifarişinin dəyəri 7 milyard dollara çata bilər. Eyni zamanda, bu ilin dekabr ayının əvvəlində Almaniyada "Arrow 3" raketdən müdafiə sisteminin ilk batareyasının ilkin əməliyyat hazırlığına nail olunduğu da açıqlanıb.
Musavat.com






