İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist niyə bütün sovet xalqından üzr istədi?..

1337 07.05.2026 12:05 Yazarlar A A

Bəlkə də Azərbaycanda proseslər normal, təbii axarıyla getsəydi jurnalistikada da bir növ ixtisaslaşma olacaqdı. Deyim ki, artıq 90-cı illərin əvvəllərində qəzetlərdə belə şey vardı: nəinki iqtisadiyyat, humanitar, hətta “beynəlxalq siyasət” kimi bölmələr vardı. Yox, bu, o demək deyildi ki, sadaladığım mövzuda yalnız hansısa qrup jurnalistlər yazırdı, yox, qətiyyən, sadəcə, bu mövzuların əsas gündəlik yükünü məhz həmin şöbələr çəkərdi, ən azı gündəlik xəbərləri onlar hazırlayardı.

Əlbəttə, bu prosesin də başqa “incə nüans”ları da vardı, hansıların haqqında çılpaqlığıyla danışmağın vaxtı yetişməyib və heç məlum da deyil ki, nə vaxtsa yetişəcəkmi? Bəlkə də bizim gələcək hətta mətbuat tarixçilərimiz (belə şey qalacaqmı?) heç vaxt 20-ci əsrin yeni jurnalistikasının “mətbəx”indən, bu müstəvidə nələrin baş verdiyindən tamam xəbərsiz olacaqlar, kim bilir?..
Belə “incəliklərdən” biri də bu idi ki, beynəlxalq jurnalistika təkcə sırf maraq sferası deyildi, bizdə heç vaxt, nə sovet dövründə, nə də sonralar peşəkar beynəlxalq jurnalistlər olmamışdı və yeni jurnalistikada da bu, daha çox o zərurətdən doğurdu ki, bu mövzuda da kimsə yazmalıydı və hərdən də kimsə bu sferaya daha çox ona görə həvəs göstərirdi ki, bu, həm də təhlükəsiz idi– axı hamı iç siyasətin yükünü daşıya bilmir, bunun yarada biləcəyi problemlərə ən azı, hazır deyildi...
Amma bu mövzunun əvvəldən həm də spesifik tərəfi də vardı: siz, məsələn, formal olaraq Britaniyanın Aİ-dən çıxmasından yazanda bizim Azərbaycanın da Avropayla “problem”lərinə toxuna, hətta ciddi şəkildə araşdıra bilərsiz - əslində yaradıcı cəhətdən belə yanaşma daha maraqlıdır. 93-cü ildə ilk dəfə senzura deyilən dəhşətlə ciddi şəkildə üzbəüz qalanda bundan da bir “taktika” kimi istifadə edirdik. Bəzən senzorlar görürdü ki, yazının əvvəli, məsələn, Əfqanıstan haqqındadır, ona görə oxumurdular, halbuki ortadan Azərbaycanla bağlı mətləblər başlayırdı...
İndiki dövrçün maraqlı ola biləcək daha bir misal da deyim. Çoxdan sevdiyim jurnalistimiz var, Allah canını sağ eləsin, maraqlı yazardır, yazılarından hiss olunur ki, mütaliəli adamdır.
Oxucu kimi deyirəm: bir də görürdün, Cənubi Amerikadakı hansısa məşhur fotoqrafdan yazıb. İnanın, bunun özü də gözəldir, şəxsən mən maraqla oxuyurdum, amma dəfələrlə istəmişdim ona deyim ki, bu mövzuları Azərbaycanla bağla, onun içində “həzm et”–“bişir”, öz həyatımızın süzgəcindən keçir, inan, belə daha maraqlı olar. Belədəsə, mənim kimi beş-üç adama demək istədiyin bunsuz da çatır, amma oxucuların çoxu belə yazıları oxuyanda daha çox uzun bir “noooolsun?” deyirlər...
Ona görə də hətta xarici siyasətdən də yazanda ən azı işarəylə içəridəki məsələlərə də toxunmaq olar. İkincisi və ən əsası: qardaşlar, məşhur məsəl var, deyir ki, xarici siyasət də daxili siyasətin davamıdır və burada da bəzi yozumlar heç də həmişə mütləq həqiqət deyil, bəzən ağ yalandır.
Bir sıravi bəndə, bapbalaca vətəndaş kimi (doğrudanmı, buna da daha haqqımız çatmır?) eşidəndə ki, bizim deputatımız “Hətta Avropada Azərbaycandakı kimi doğru - dürüst seçki keçirilmir!” deyir, mən onların başqa sözlərinə necə inanım? Hər şey cəhənnəmə, jurnalistlik, keçmişdəki siyasi fəallıq–filan bir yana, Allahın bir kiçicik bəndəsi kimi nəyəsə, heç olmasa, şübhə etmək hüququmuz var, ya yox?
Avropa haqda nə desəniz, bəlkə haqlı olarsız, amma elə bir adam taparmısınız desin ki, orada seçkilər düzgün keçirilmir, saxtalaşdırılır? Bunu nəinki Avropa, heç müsəlman ölkəsi olan qardaş Türkiyə haqqında demək mümkün deyil! İranda seçimi, əlbəttə, əvvəl “mollalar” edirlər, amma buna baxmayaraq hələ eşitməmişəm ki, desinlər xalq seçkisində nəsə saxtalaşdırılıb, düzgün keçirilməyibdir. Bir daha deyirəm ki, xalq “molla”ların seçdiklərinin sırasından seçməli (ona görə bədbəxt İranda da heç nə alınmır) olur, amma bu mərhələdə də saxtakarlıq - filan olmur!
Burada sovet vaxtından bir-iki detal yadıma düşür. Sovet quruluşu nəydi, izah etməyə ehtiyac yox: indi keçirdiyimiz “seçki”lərin də çoxu məhz o dövrdə öyrəndiklərmizdir.
Amma min üsulla hətta jurnalistlər, eləcə də beynəlxalq mövzularda yazanlar, insanlara başqa həqiqətləri də çatdırmağa çalışırdılar, onlara başqa dünyanın da olduğunu demək istəyirdilər.
İkisi hələ də yadımdadır. Birisi yaponşünas, beynəlxalq jurnalist Vsevolod Ovçinnikov idi. Adamın, məsələn, “Sakura budağı” kitabı hələ yaddan çıxmır, çünki azacıq da olsa, Yaponiya həqiqətlərini insanlara çatdırmağa cəhd edirdi. Digərisə Dunayev (adını unutmuşam) idi və bu adam da, səhv etmirəmsə, amerikanşünasdı, amma, o, da az da olsa “boz sovet təbliğatı”ndan daim kənara çıxmağa cəhd edirdi.
Amma başqa jurnalist də vardı, məsələn, Valentin Zorin. Özü də professor idi, çox məşhur idi, mükafatlar laureatı idi, bəlkə də gizli rütbəsi də polkovnikdən aşağı deyildi – sizə bu, qəribə gəlməsin, onda belələri KQB ilə sıx bağlı adamlar olurdu, çünki faktiki olaraq onun və rejimin “ideoloji ruporu” idilər. Zorin də “balaca adam” deyildi, ABŞ dövlət katibi Şultsla müsahibəsini (Ronald Reyqan dövrü idi) hətta indi də xatırlayıram – deyəsən, “perestroyka”nın lap əvvəlləri idi.
Sonra SSRİ çökdü və görün, nə baş verdi? Adam özünün jurnalistlik fəaliyyətinə görə bütün keçmiş sovet xalqından üz istədi, çünki ömrü boyu yalan yazmışdı, danışmışdı. İnanın, bunu ilk dəfə oxuyanda, bəlkə də eşidəndə (artıq yadımda da deyil!) ona qarşı şəxsən məndə geçikmiş və azacıq da olsa, rəğbət yarandı, çünki ondan böyük yalan danışanlar, ömrüboyu yalana xidmət edənlər də vardı, amma bunu etmədilər, hətta bəzən hamımızı – cəmi keçmiş sovet əhlini “borclu” da çıxartdılar...
Bunlarla niyə sizi yoruram? Jurnalistlərimizin çoxunun son vaxtlarda niyə beynəlxalq siyasətə daha çox meyl etmələrinin səbəbini də bilirəm, mənə belə şeyləri izah etmək lazım deyil.
Amma bəzi məmurlarımızın, bəzi deputatlarımızın çoxunun hətta xarici siyasətlə bağlı da dediklərinə qətiyyən inanmıram, çünki hər şey yana, xarici-siyasət filan da cəhənnəmə, amma bunların çoxu hətta daxildə - öz cəmiyyətimizdə özlərinə qarşı etimad yaratmayıb, cəmiyyətlə belə ultimatum dilində danışırlar və hikkələrinin əsas motivi də budur ki, biz yazıq azərbaycanlılarla hansı tonda danışırlarsa, eyni tonda da digərlərilə, hətta xarici həmkarlarıyla da danışmaq istəyirlər – problem daha çox budur...
Bütün dünyada, hətta regionda problemlər nə qədər desəndir. Qərb – filan cəhənnəm olsun, böyrümüzdə, qonşu İranda elə “siyasətçi”lər var ki, imkanları olsa, Azərbaycanın altını üstünə çevirər, qanımızı içərlər, halbuki guya canı, qanı bir din qardaşlarımızdır! Amma neyləməliyik, buradan köçməliyik? Axı siyasət tək “milyonlar qazanmaq” peşəsi deyil, həm də millətə xidmət etmək peşəsidir deyəsən! Odur, nəsə edəndə, nəsə deyəndə siyasət adamı özü üçün də olsa, düşünməlidir ki, bunun ölkəm, millətimçün hansı ziyanı, xeyri olar?
Həm də Avropa pisdirsə, bəzi rüşvətxor məmurların, hətta bəzi yalaq-yaltaq deputatların hesabları, malları-mülkləri, bəzilərinin hətta yaxınları niyə Qərbdədir, Avropadadır? Köçürün bütün bunları Küveytə, nə bilim, Səudiyyə Ərəbistanına, yaxud da qardaş Türkiyəyə! Niyə etmirsiz? Ona görə etmirsiz ki, söydüyünüz bu Avropa ölkələri nə qədər paradoksal olsa da sadaladığım ölkələrdən daha etibarlıdır, hətta sizinkimilər üçün! Çünki orada haqq-hüquq, əsl məhkəmə, hətta mülkiyyət toxunulmazlığı (çox təəssüf!) kimi anlayışlar daha ciddidir.
Amma bir sıravi Allah bəndəsi, cəsarət edib hətta bir kiçik demokrat kimi ümid edirik ki, nə vaxtsa, Dünyada bəzi milyardların mənbəyilə də maraqlanmağa başlayacaqlar.
Bir ara hətta belə təsəvvür yarandı ki, belə proses başlayır, çox təəssüflər, davamlı olmadı, amma fikir artıq, necə deyərlər, şüşədən çıxıbsa, insanlar nə vaxtsa, yenə ona qayıdacaq, çünki bütün dünyada ideologiyalar arasındakı fərqlər azalır, az qala, mühafizəkarlarla liberallar eyni şeyi deyir və önə bilirsinizmi, nələr çıxır? Əxlaq və etik dəyərlər!
Adamlar maraqlanmağa başlayıb ki, adi məmur, yaxud siyasətçi cəmi beş-üç ilin içində, özü də məhz vəzifəyə keçəndən sonra bir milyard dolları necə qazana bilər? Düşünürlər ki, belə oğrulara cəmiyyətimizdə yer versək, bizə də OĞRU deməzlərmi?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR