Əfqanıstana Çin, Rusiya, Suriya və Orta Asiyadan gələn xarici cihadçılar üçün Kabildə koordinasiya mərkəzi yaradılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu mərkəzə əsas cihadçı qrupların nümayəndələrini vahid infrastruktur platformasında birləşdirməyi bacaran Əfqanıstan “Taliban”ı nəzarət edir.
Məlumatlı mənbələr bildirirlər ki, ən azı 2025-ci ilin sentyabr ayından bəri Kabilin Şaşdarak rayonunda xarici cihadçı döyüşçülər üçün baza fəaliyyət göstərir. Bazanın komandiri əslən Çinin Sincan-Uyğur vilayətindən olan etnik uyğur Süheyl Mühacirdir. O, əsasən Çinli uyğurlar və Özbəkistandan olan əcnəbilərə nəzarət edir. Bazadakı döyüşçülərin sayı dəyişir, lakin 15-20 nəfərlik nüvə sabit qalır.
Şaşdarak bazası Əfqanıstan Baş Kəşfiyyat İdarəsinin (GID) rəhbəri Əbdülhaq Vasiqin və “Taliban” ordusunun qərargah rəisi Qari Fasihuddin Fitratın nəzarəti altındadır. Bədəxşandan olan Qari Fasihuddin Əfqanıstanın Bədəxşan əyalətinin "kralı" hesab olunur. Bu əyalət Tacikistan, Çin və Pakistanla həmsərhəddir və bölgədəki terror infrastrukturu üçün böyük əhəmiyyət kəsb edir.
Şaşdarakdakı baza Əfqanıstanın şimal əyalətlərində, xüsusən də Bədəxşan və Bağlan əyalətlərində yerləşən xarici cihadçı qruplarla sıx bağlıdır.
Musavat.com






