Son vaxtlar “Memi” adlanan ikinci əl geyim dükanları geniş yayılmaqdadır. 90-cı illərin ortalarında daha çox paytaxtın kənar məhəllələrinin zirzəmilərində peyda olan belə mağazalar indi şəhərin ən işlək nöqtələrinə çıxıb. Metro stansiyalarının yaxınlığı, mərkəzi küçələr, bazarların ətrafı - “Memi” adlandırılan ikinci əl dükanları artıq şəhər ticarətinin görünən hissəsinə çevrilib.
Hazırda bu cür geyimlərə nə qədər tələbat var, vəziyyət necədir deyə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Memi” dükanlarına üz tutduq.
Qeyd edim ki, təkcə adı çəkilən metrostansiyanın yaxınlığında 3 “Memi” dükanı yerləşir. Satılan məhsulların qiymətləri də demək olar ki, eynidir.
Bu mağazalara daxil olan hər kəsin ilk hiss etdiyi detal qoxudur. Demək olar ki, bütün “Memi”lərin özünəməxsus qoxusu var. Bu qoxu bir tərəfdən istifadə olunmuşluğun, digər tərəfdən isə hansısa kimyəvi təmizləmə prosesinin izini xatırladır.

Bəzi alıcılar məhz bu səbəbdən ehtiyat edir. Onlar düşünür ki, bu geyimlər müəyyən dəri xəstəliklərinə səbəb ola bilər. Buna görə də ikinci əl geyimlərdən istifadə etməyənlər də az deyil.
Qış fəsli olduğundan hazırda satışda daha çox yun paltarlar, qalın gödəkçələr, papaqlar, çəkmələr, qalın üst geyimləri yer alır. Bununla yanaşı, mağazada alt paltarlarının da öz müştəriləri var.
Müşahidələr göstərir ki, tərəddüdə baxmayaraq, maraq böyükdür.
Satıcılarla da söhbətləşdik. Qeyd etdilər ki, istənilən mövsümdə kifayət qədər alıcı var. Üstəlik, getdiyimiz mağazada “50 faiz endirim” və “nə alırsansa, 6 manata” kampaniyası var idi. Satıcı dedi ki, bu kampaniya yalnız bu gün keçərlidir, sabah isə qiymətlər fərqli olacaq.

İstənilən uşaq geyimləri və ayaqqabıları 3 manatdan, qadın şalvarları 8–10 manatdan, iç geyimləri 3 manatdan, ayaqqabılar 3 manatdan başlayaraq 34 manata qədər, yataq dəstləri isə 8–10 manatdan 20–25 manata qədər təklif olunur.
Mağazalarda olarkən müşahidə etdik ki, alıcılar arasında xeyli sayda kişilər də var. Onların arasında yaşlısı da, gənci də var. Xüsusən ayaqqabılara və gödəkçələrə maraq göstərilir.
Alıcılardan biri qeyd etdi ki, bir neçə dəfə burada ayaqqabı alıb və keyfiyyətli çıxıb:
“Qiyməti o qədər də ucuz olmur. Məsələn, 20–30 manata satılan ayaqqabılar da var, amma onların keyfiyyəti çox yaxşıdır, tez cırılmır, su keçirmir”.

Gödəkçələrlə maraqlanan kişi isə dedi ki, vaxtı olanda mağazaya baş çəkir, bəyəndiyi olanda alır:
“Tez-tez endirimlər olur. Alanda sərf edir. Alıram, evə aparıram, yuyulur, sonra geyinirəm”.
Digər bir kişi alıcı isə qızına 6 manata, təzə kimi görünən bir gödəkçə aldı. O, həm qiymətdən, həm də keyfiyyət və görünüşdən razı qaldı.
“Memi”də yataq dəstləri, odeyallar, yorğanlar, hətta yastıqlar da satılır. Satıcı deyir ki, xüsusən yataq dəstləri, yorğanlar, pərdələr yaxşı alınır.
Qeyd etdiyim kimi, bu mağazalarda uşaq geyimləri də var - hər yaşa uyğun.

“Bəs bu geyimlər təhlükəli deyil? Görəsən, lazımi qaydada dezinfeksiya olunur?” deyə soruşdum. Satıcı tərəddüd etmədən cavab verdi: “Əlbəttə, dezinfeksiya olunmasa, onlar satışa çıxarılmaz”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirdi ki, ikinci əl mallar dünyada istehlakçı hüquqlarının qorunması sahəsində ciddi problemdir:
“Xüsusən də ikinci əl avtomobillər. Bu məsələ bütün dünyada istehlakçı problemi olaraq qalır. O cümlədən ikinci əl paltarlar məsələsi də var. Bu, daha çox MDB ölkələrində yayılmış biznesdir. Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlı biznesmenlər həmin ölkələrlə müqavilələr bağladılar və ikinci əl paltarlar gətirilib satılmağa başlandı”.
E. Hüseynov qeyd etdi ki, bu paltarlar kiloqramla alınır və ədəd ilə 15–20 dəfə baha qiymətə satılır:
“Yəni gəlirli bir biznes sahəsidir. Bir çox ölkələrdə, o cümlədən Kanadada və Mərkəzi Avropa ölkələrində insanlar özlərinə lazım olmayan əşyaları yığaraq bələdiyyə tərəfindən ayrılmış yerlərə qoyurlar. Orada xüsusi qutular olur. Mən özüm də Kanadada olarkən belə qutulara çox şey atmışam. Kim istəsə, hətta ora pul atır. Müəyyən vaxtdan sonra kimlərsə gəlib həmin paltarları və ya pulu götürür, ya da götürmür. Daha sonra bələdiyyələr bir müddət keçdikdən sonra həmin malları yığıb utilizasiyaya göndərirlər. Lakin bir çox ölkələrdən gəlib həmin malları alırlar, o cümlədən Azərbaycana da gətirilir”.

Qurum sədri bildirdi ki, həmin paltarlar gigiyenik təmizləməyə məruz qalır, lakin bunun nə dərəcədə effektiv olduğu məlum deyil:
“Bizdə olan məlumata görə, 5 yaşdan kiçik uşaqlara aid paltarlar satılmamalıdır. Əgər bu paltarlar düzgün istifadə edilməzsə, yəni alınan kimi birbaşa geyinilərsə, müəyyən region üçün hətta uyğun olmayan xəstəliklərin yayılmasına səbəb ola bilər. Ona görə də həmin paltarları alanlar mütləq şəkildə onları yaxşı yumalı, isti ütü ilə ütüləməli, daha sonra istifadə etməlidirlər.
Ölkədə bu cür məhsullara tələbat var. O ki qaldı paltarlardan qoxu gəlməsinə, bu, qeyri-adi deyil, çünki geyinilib. Amma nə qədər dezinfeksiya olunub, bu, məlum deyil”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com






