Müğənni Filipp Kirkorov bildirib ki, Rusiya şou-biznesində ifaçıların səhnə geyimi ilə bağlı qeyri-rəsmi qaydalar ortaya çıxıb və bu məhdudiyyətlər sovet dövrünü xatırladır.
Musavat.com xəbər verir ki, bu barədə “Agentstvo” portalı məlumat yayıb.
Kirkorov “Komsomolskaya pravda”ya müsahibəsində deyib ki, karyerasına 1980-ci illərin ortalarında, SSRİ dövründə başlayıb və o vaxt mövcud olan sərt qadağaları yaxşı xatırlayır. Onun sözlərinə görə, hazırda vəziyyət qismən təkrarlanır: artistlərdən səhnə obrazlarını əvvəlcədən razılaşdırmaq, kostyumların fotolarını göndərmək və “nəyin mümkün, nəyin yolverilməz” olduğunu nəzərə almaq tələb olunur. Müğənni bunu mövcud siyasi vəziyyət və müharibə ilə əlaqələndirərək, “çətin dövrdə bir çox məsələlərə başqa cür baxmaq lazım gəldiyini” bildirib.
Kirkorov müasir məhdudiyyətləri İvleyevanın “çılpaq” gecəsindən sonra onunla bağlı baş vermiş “ləğv cəhdləri” ilə də müqayisə edib. Həmin tədbir Vladimir Putinin sərt reaksiyasına səbəb olmuşdu.
Müsahibədə müğənni Alla Puqaçovanı da müdafiə edib. O, Puqaçovanın guya digər artistlərə mane olması ilə bağlı iddiaları yalan adlandırıb və onun harada və necə yaşamaq seçiminin şəxsi hüquq olduğunu, hörmətlə qarşılanmalı olduğunu vurğulayıb.
Musavat.com






