Rusiyalı jurnalist Yevgeni Kiselyovun aparıcılığı ilə yayımlanan canlı efirdə qalmaqallı insident yaşanıb.
Musavat.com xəbər verir ki, proqramın qonağı olan Xəzər universitetinin professoru Ramiz Yunus aparıcının mövqeyinə uyğun gəlməyən fikirlər səsləndirdikdən sonra xəbərdarlıq edilmədən efirdən uzaqlaşdırılıb.
Hadisə canlı yayımda baş verib və qısa müddət ərzində sosial şəbəkələrdə geniş rezonans doğurub. Proqramın əvvəlində müzakirə mövzusu İran ətrafında gedən proseslər olsa da, söhbət Rusiyanın müasir siyasi tarixinə – Mixail Qorbaçov dövründən başlayaraq Boris Yeltsin mərhələsinə və bu proseslərdə Rusiya xüsusi xidmət orqanlarının roluna keçdikdən sonra gərginlik yaranıb.
Ramiz Yunus canlı efirdə bildirib ki, Rusiya xüsusi xidmət strukturları təkcə hakimiyyət daxilində deyil, eyni zamanda özlərini “liberal müxalifət” kimi təqdim edən dairələrin və media qurumlarının formalaşmasında da mühüm rol oynayıb. O, konkret olaraq Exo Moskvy radiosu və TV Dojd kimi media orqanlarını nümunə göstərərək, onların illər boyu Kremlin siyasətinə faktiki olaraq “təhlükəsizlik klapanı” funksiyası yerinə yetirdiyini vurğulayıb.
Bu fikirlərdən sonra aparıcı Yevgeni Kiselyovun qonağın sözünü kəsməsi, ardınca isə Ramiz Yunusun bağlantısının kəsilməsi studiyada və tamaşaçılar arasında şok effekti yaradıb. Beləliklə, canlı efirdə açıq müzakirə əvəzinə senzura tətbiq edilib.
Ramiz Yunus baş verənlərlə bağlı Musavat.com-a münasibət bildirərək qeyd edib ki, aparıcının davranışı jurnalist etikası və elementar debat mədəniyyəti ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, bu hadisə Rusiyada “liberal müxalifət” adı altında çıxış edən çevrələrin əsl mahiyyətini bir daha ortaya qoydu:
“Kiselyov sadəcə dözə bilmədi. Maska düşdü. Müasir Rusiyada fərqli fikrə dözümsüzlük təkcə hakimiyyətin deyil, özünü alternativ kimi göstərənlərin də əsas xüsusiyyətidir”.
Politoloq vurğulayıb ki, postsovet məkanında – xüsusilə Ukraynada və Cənubi Qafqazda – Kremlin imperial siyasəti ilə bağlı artıq heç bir illüziya qalmayıb. Onun fikrincə, Rusiyanın qonşu ölkələrdə axıtdığı qan – Çeçenistandan tutmuş bu günə qədərki müharibələrə qədər – tarixi yaddaşda silinməz iz buraxıb və bu siyasətin ideoloji müdafiəsində məhz həmin “liberal” media strukturları mühüm rol oynayıb.
Ramiz Yunus əlavə edib ki, Kremlin bu xətti bu gün də Vladimir Putin dövründə davam edir və region xalqları artıq bu siyasətin mahiyyətini açıq şəkildə görür.
Qeyd edək ki, Ramiz Yunus Xəzər Universitetinin professorudur və uzun illərdir postsovet məkanında siyasi proseslərlə bağlı sərt və açıq mövqeyi ilə tanınır.
Canlı efirdə yaşanan bu hadisə bir daha göstərdi ki, Rusiyada söz azadlığı və plüralizm iddiası çox zaman tənqidə dözmür. Kisilyovun efiri kəsməsi isə təkcə bir jurnalist davranışı deyil, bütövlükdə Kremlin informasiya məkanında hökm sürən dözümsüzlüyün açıq təzahürü kimi qiymətləndirilir.
Musavat.com






