Ukrayna prezidenti Volodimir Zelenski 18 fevral 2026-cı ildə Belarus rəhbəri Aleksandr Lukaşenkoya qarşı sanksiyalar elan edib.
Musavat.com xəbər verir ki, buna səbəb Minsk hakimiyyətinin Rusiyanın Ukraynaya qarşı aqressiyasının gücləndirilməsində iştirak etməsi olub.
Məlumata görə, 2025-ci ildə Rusiya Belarus ərazisində xüsusi retranslyatorlar yerləşdirərək pilotsuz uçuş aparatlarının idarə edilməsini həyata keçirib. Bu isə xüsusilə Ukraynanın şimal bölgələrinə zərbələrin intensivliyini artırıb.
Sanksiyalar Ukraynanın “Fenix” analitik kibermərkəzinin hakerləri tərəfindən aparılan uzunmüddətli əməliyyatın nəticəsi kimi təqdim olunur. Əməliyyat beynəlxalq kəşfiyyat könüllülər şəbəkəsi InformNapalm tərəfindən dəstəklənib.
Hakerlər Rusiya hərbçilərinə məxsus hesabları sındıraraq dronların uçuş marşrutları barədə məlumatlar əldə ediblər. Əldə olunan kritik məlumatlar Ukrayna Müdafiə Qüvvələrinə ötürülüb və bir neçə hücumun qarşısı alınıb.
Araşdırma zamanı daha bir mühüm detal ortaya çıxıb: Rusiya dron rabitəsini təmin etmək üçün Belarus mobil rabitə qüllələrindən istifadə edib. Bu texnologiya sayəsində zərbələr yalnız Ukrayna ərazisinə deyil, NATO ölkələrinin sərhədlərinə yaxın zonalara da yönəldilə bilib.
Musavat.com






