Rusiyada yayılan dəhşətli videogörüntülər cəmiyyətdə ciddi rezonans doğurub. Sosial şəbəkələrdə paylaşılan kadrlarda bir kişinin azyaşlı körpəni −30 dərəcə şaxtada buz deşiyinə saldığı açıq şəkildə görünür.
Musavat.com xəbər verir ki, görüntülərdə körpənin buz kimi soyuq suya salınan anlarda şiddətlə qorxduğu, qışqırdığı və çabaladığı aydın hiss olunur. Buna baxmayaraq, ata uşağı üç dəfə ardıcıl olaraq buzlu suya batırır.
Hadisə ilə bağlı daha böyük qəzəb doğuran məqam isə bəzi şəxslərin bunu “ənənə” kimi təqdim etməsidir. Yerli “morjlar” icmasının üzvləri körpənin üzündə guya “sevinc və etibar” gördüklərini iddia edərək baş verəni normal saymağa çalışıblar.
Mütəxəssislər bildirir ki, bu cür davranış son dərəcə təhlükəlidir. Körpələrin orqanizmi temperatur dəyişikliklərinə dözümsüzdür və belə hallarda hipotermiya, ürək ritminin pozulması, beyin zədələnməsi və hətta ani ölüm riski yaranır.
Həkimlərin fikrincə, bu, nə tərbiyə metodudur, nə də sağlamlıq praktikası. Bu, uşağın həyatını təhlükə altına atan ağır məsuliyyətsizlikdir. Hadisə artıq təkcə etik yox, hüquqi məsuliyyət məsələsi kimi də qiymətləndirilir.
Musavat.com






