Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor həbs edilib.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, Endryu Ceffri Epşteynlə əlaqələrinə görə bütün titullarından məhrum edilmişdi. Polis onu rəsmi vəzifələr tutarkən səlahiyyətlərindən sui-istifadə etmək şübhəsi ilə həbs edib.
Bu gün səhər Mauntbatten-Vindzorun hazırda yaşadığı Şimal dənizi sahilindəki Norfolkdakı kral Sandrinqem mülkünə gələn avtomobillərin fotoşəkilləri yayılıb.
Bu həftə Britaniya polisi keçmiş şahzadənin Epşteynə məxfi materiallar verdiyi iddia edilən şikayəti araşdırdığını açıqlayıb.
ABŞ-da açıqlanan Epşteyn işi ilə bağlı çox sayda sənəddə Endryunun Epşteynə Sinqapur, Honkonq və Vyetnama səfərləri barədə hesabatlar, eləcə də investisiya imkanları haqqında məxfi məlumatlar təqdim etdiyi aşkar edilib.
Bunun ardınca monarxiya əleyhinə təşkilat olan "Respublika" Temza vadisi polisindən (Bakinqemşir, Berkşir və Oksfordşiri əhatə edir) vəzifələrindən sui-istifadə və dövlət sirlərinin açılması iddialarını araşdırmağı xahiş edib.
Bu gün 66 yaşı tamam olan Endryu ona qarşı irəli sürülən bütün ittihamları dəfələrlə rədd edib və heç bir səhv etmədiyini israrla bildirib.
Oktyabr ayında kral qardaşını şahzadə titulundan və ona qalan bütün digər titullardan məhrum edib. Endryu özü bundan əvvəl könüllü olaraq York hersoqu titulundan imtina etmişdi.
Musavat.com






