Bu adamların açıqlamaları onların özfəaliyyəti yox, mərkəzdə hazırlanmış məqsədyönlü təxribatdır
Prezident Administrasiyasının Sosial Proseslərin Monitorinqi və Təhlili İdarəsinin rəhbəri Aleksandr Xariçev Rusiya ilə Qərb arasındakı münasibətlər haqda danışarkən son açıqlamaları ilə postsovet məkanında, eləcə də Azərbaycanda ciddi narazılıq doğuran Aleksandr Duqinin konsepsiyasını sitat gətirib. O, Duqini “görkəmli filosof” adlandırıb. Bu barədə Minval.az saytı yazıb.
Xatırladaq ki, Duqin bir neçə gün əvvəl postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə açıq şəkildə qarşı çıxaraq deyib ki, “Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.
Kremlin başqa bir təbliğat ruporu, telejurnalist Vladimir Solovyov da bir neçə gün əvvəl faktiki eyni imperiya tezislərindən çıxış edərək, adıçəkilən ölkələri “xüsusi hərbi əməliyyatla” hədələmişdi. Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromov isə Solovyovla bağlı qərar vermək səlahiyyətini öz üzərinə götürüb. Yəni belə anlaşılır ki, Kremlin baş təbliğatçısı ilə bağlı işlədiyi telekanal belə heç bir qərar verə bilməz. Həm Duqinə, həm Solovyova sahiblənməklə o anlaşılır ki, bu adamların açıqlamaları onların özfəaliyyəti yox, mərkəzdə hazırlanmış məqsədyönlü təxribatdır.

Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a açıqlamasında Kremlin Duqinə dəstəyini belə qiymətləndirdi: “Şübhəsiz ki, Aleksandr Xariçevin açıqlaması diqqət çəkir. Xüsusilə də Duqinin postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyini açıq şəkildə inkar etdiyi bir vaxtda onu "görkəmli filosof" olaraq təqdim etmək və onun ideoloji çərçivəsinə istinad etmək artıq siyasi mövqedir və bu mövqeni nə iləsə pərdələmək mümkün deyil. Bu, artıq neytral akademik müzakirə yox, açıq ideoloji legitimləşdirmə cəhdidir. Məlumdur ki, Aleksandr Duqin uzun illərdir ki, Rusiya imperializminin ideoloji ruporu kimi çıxış edir. Bu baxımdan onun “Moskva postsovet ölkələrinin müstəqilliyi ilə barışmamalıdır” tezisi də təsadüfi emosional bəyanat kimi qəbul edilə bilməzdi. Bu, Rusiyada getdikcə daha açıq şəkildə səsləndirilən neoimperiya doktrinasının xülasəsidir. Odur ki, Duqinin adının Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi tərəfindən müsbət kontekstdə çəkilməsi Kremlin bu ideologiyaya dəstək verən münasibətinin göstəricisidir".
Politoloq burada təhlükəli məqam da görür: “Məsələnin daha təhlükəli tərəfi odur ki, bu ritorika təkcə ideoloqların və marginal fiqurların dili ilə səsləndirilmir. Kremlin əsas təbliğat simalarından biri olan Vladimir Solovyov da postsovet ölkələrini "xüsusi hərbi əməliyyat"la hədələdiyini də unutmamalıyıq. Bu artıq sadəcə söz oyunu deyil, birbaşa zorakılıq çağırışıdır. Daha da diqqətçəkən məqam isə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromovun Solovyovla bağlı qərar vermək səlahiyyətini faktiki olaraq öz üzərinə götürməsidir. Bu, Kremlin baş təbliğatçısının toxunulmaz statusa malik olduğunu açıq şəkildə etiraf etməsi deməkdir. Bu kontekstdə Duqin və Solovyov kimiləri müdafiə edənlərin arqumentlərini onların şəxsi fikri kimi qələmə vermək mümkün deyil. Duqinin və Solovyovun yüksək vəzifəli məmurlar tərəfindən təriflənməsi və müdafiə edilməsi Kremlin postsovet məkanına yönəlik məqsədyönlü təzyiq, psixoloji şantaj və ideoloji hazırlıq kampaniyasından xəbər verir. Bu kampaniyanın əsas məqsədi ölkələrin suverenliyini müvəqqəti və şərti bir anlayış kimi təqdim etmək və Moskvanın “iradəsi”nə tabe olmayan dövlətləri legitim hədəfə çevirməkdir. Xüsusilə Azərbaycan kontekstində bu açıqlamalar təhlükəli presedent yaradır. Bir tərəfdən rəsmi Moskva “dostluq”, “strateji tərəfdaşlıq” ritorikasını bu və ya digər şəkildə davam etdirir, digər tərəfdən isə Kremlin ideoloji və media resursları Azərbaycanın müstəqilliyini sual altına alan tezisləri sistemli şəkildə dövriyyəyə buraxır. Bu ikili oyun artıq diplomatik ikiüzlülükdən də irəli gedərək açıq təhdid mərhələsinə keçib. Odur ki, Xariçevin Duqinə istinadı və Kremlin Solovyov kimi fiqurlara verdiyi faktiki toxunulmazlıq bir daha göstərir ki, söhbət ayrı-ayrı şəxslərin sərsəm fikirlərindən yox, mərkəzləşdirilmiş və koordinasiyalı siyasi-ideoloji xətdən gedir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






