Rusiya ilə Cənubi Koreya arasında diplomatik gərginlik partlayış həddinə çatıb.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Seulun Ukraynaya silah tədarükü ilə bağlı gizli planlarını kəskin şəkildə tənqid edərək rəsmi Moskvanın hədələrini çatdırıb.
Məlumata görə, Cənubi Koreya NATO-nun Ukrayna üçün yaratdığı PURL (Prioritet Ehtiyaclar Siyahısı) təşəbbüsünə qoşulmağı və bu proqram çərçivəsində Ukrayna üçün silah alışı məqsədilə vəsait ayırmağı planlaşdırır. Zaxarova bildirib ki, Kremlin rəsmi xətti Seulun bu addımını böyük təəccüblə qarşılayıb. Çünki Cənubi Koreya indiyədək Ukraynanı silahlandırmayacağı ilə bağlı rəsmi vədlər verirdi.
Zaxarova vurğulayıb ki, Seulun PURL təşəbbüsündə iştirakı Rusiya-Cənubi Koreya münasibətlərinə sağalmaz zərbə vuracaq. Eyni zamanda, bu addım Koreya yarımadasında konstruktiv dialoqun bərpası perspektivlərini tamamilə məhv edəcək.
Rusiya tərəfi bəyan edib ki, Cənubi Koreya bu təhlükəli yola qədəm qoyacağı təqdirdə Moskva "asimmetrik tədbirlər" də daxil olmaqla, ən sərt cavab addımlarını atmağa məcbur olacaq. Mariya Zaxarovanın sözlərinə görə, Seulun Ukrayna ordusunu "silahla doldurmaq" prosesində iştirakı münaqişənin həlli yollarını dumanlandırır və regionu daha böyük xaosa sürükləyir.
Ekspertlər hesab edir ki, Moskvanın bu sərt ritorikası Cənubi Koreyanın Rusiya-Şimali Koreya hərbi əməkdaşlığına verdiyi reaksiyalara qarşı bir əks-hücum xarakteri daşıyır.
Musavat.com






