Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində ciddi kadr dəyişikliyi edib. Kremlin sahibi Aleksandr Alimovu xarici işlər nazirinin müavini təyin edib. Putinin müvafiq fərmanı hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
Məlumat üçün bildirək ki, Aleksandr Alimov 2022-ci ildən bəri Rusiya Xarici İşlər Nazirliyinin çoxtərəfli humanitar əməkdaşlıq və mədəni əlaqələri şöbəsinə rəhbərlik edib. Bundan əvvəl, o, Rusiyanın BMT-nin və Cenevrədəki digər beynəlxalq təşkilatların daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb. 2008-ci ildən 2012-ci ildən etibarən Nyu-Yorkdakı Rusiyanın BMT-dəki daimi missiyasının baş müşaviri olub.
Putinin bu qərarının ardından diqqətlər Rusiya xarici işlər naziri Sergey Lavrovun üzərində cəmləşib. Belə iddialar var ki, Rusiya siyasətinin usta simalarından sayılan Lavrovun yaşı ilə əlaqədar artıq onun postuna başqa isim hazırlanır. Yeni müavinin indiyə qədər keçdiyi yola baxanda da bu sanki sezilməkdədir.
Qeyd edək ki, Lavrovun gələn ilin martında 76 yaşı tamam olacaq. Doğrudur, o daha bir neçə il Rusiyanın xarici siyasətinə rəhbərlik edə bilər. Amma istənilən halda Rusiya kimi nəhəng bir ölkənin XİN rəhbərliyinə uzun müddət təcrübə keçmiş bir şəxsin gətiriləcəyi labüddür.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-da öz versiyalarını səsləndirdi: "Bir sıra Qərb mətbu orqanları Lavrovun Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olmasına baxmayaraq, iclaslardan birində iştirak etmədiyinə, noyabrda Cənubi Afrikada baş tutan G20 zirvəsinə qatılan Rusiya heyətinin tərkibində olmadığına diqqət çəkərək onun Putinin “qara siyahısına” düşdüyünü iddia etdilər. Həmçinin Putinlə Trampın Budapeştdə gözlənilən görüşünün baş tutmamasının səbəbi olaraq Lavrovun rəhbərliyi ilə aparılan danışıqların uğursuzluğunu qeyd etməyə çalışdılar. 2004-cü ildən bəri Rusiya Xarici işlər naziri olmasını nəzərə alaraq, o, dünyanın ən uzunmüddətli fəaliyyətdə olan diplomatlarından biridir və artıq 20 ildən çoxdur ki, Rusiya xarici siyasətinin həyata keçirilməsində Putinin ən yaxın adamlarından sayılır. Lavrovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı son illərdə çox şayiələr yayılıb. Lakin həm rəsmi Kreml, həm də Lavrov şəxsən özü, hətta Putin də bu iddiaları təkzib edib. Rusiya-Ukrayna müharibəsi demək olar ki, son mərhələsinə qədəm qoyub və hazırda intensiv danışıqlar aparılır.
Təbii olaraq, bu danışıqların mahiyyəti Ukraynanı məğlubiyyətini qəbul etməyə vadar etməkdir. Avropa Rusiyanı, o cümlədən Rusiyanın rəsmi mövqeyini təmsil edən Lavrovu heç bir güzəştə getməməkdə ittiham edir. Lakin Rusiyanın öz mövqeyindən dönməməsinin səbəbkarı, yaxud “günahkarı” Lavrov deyil. O, ölkəsinin milli maraqlarını əks etdirir, Avropanın Ukraynanı Rusiya ilə müharibəyə davam etməyə təhrik etdiyi, daha güclü silahlarla silahlandırdığı, Rusiya ilə sərhədə qoşun yığacağı təqdirdə dünyanı yeni III qlobal müharibə ilə təhdid edir. Bütün bunlar ona görədir ki, Rusiyanın istədiyi şərtlər altında sülh müqaviləsi əldə edilsin. Qlobal müharibə ssenarisindən qaçmaq üçün ABŞ-Rusiya razılaşması artıq demək olar ki, əldə olunub. Tramp bu gün Zelenskiyə bir neçə gün vaxt verdi ki, sülh şərtlərini qəbul etsin, həmçinin Ukraynada yeni prezident seçkilərinin keçirilməsi gərəkdiyini vurğuladı. Bu o deməkdir ki, Avropanın çoxsaylı səylərinə baxmayaraq ABŞ və Rusiya arasında siyasi dialoq yetəri qədər güclüdür və ABŞ dövlət rəhbərliyi Rusiyanın mövqeyini öz şərtləri və tələblərində yansıdırlar. Bu günlərdə baş tutan Təhlükəsizlik Şurası iclasında Lavrov iştirak edib və bir daha yayılan şayiələrin yalan olduğunu dilə gətirib".
Cavanşir ABBASLI
Musavat.com






