Son günlərin əsas müzakirə mövzusuna çevrilən isimlərdən biri də artıq "Qarabağ"ın keçmiş futbolçusu sayılan Nəriman Axundzadədir. Buna başlıca səbəb onun Amerikanın Əsas Liqa Futbolu - MLS (Major League Soccer) təmsilçisi "Kolumbus Kru"ya transfer olunmasıdır. Ölkə futbolunun bu günə qədər ən bahalı oyunçusu sayılan hücumçu indi də xarici kluba ən yüksək məbləğə transfer olunan oyunçu ünvanının sahibidir. Heç şübhəsiz ki, 21 yaşlı bu qəhrəmanın həyatı, karyerası və uğurları hər kəsə maraqlıdır.
Əslən Lənkərandan olan Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir.
Axundovlar ailəsinin sonbeşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb və digər yaş qrupları üzrə komandalarda da çıxış edib. Hücumçu mövqeyində təmsil etdiyi klublara qələbələr qazandırmağa çalışır.

12-13 yaşından "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib. O, həm də Azərbaycan millisinin hücumçusudur. Nəriman Axundzadə 2022-23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib. Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində böyük rol oynayıb.
O, eyni zamanda, Xankəndi şəhər stadionunda baş tutan tarixi "Qarabağ"- MOİK oyununa əlavə olunmuş 5-ci dəqiqədə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək, klubunun 1/4 final mərhələsinə vəsiqə qazanmasına səbəb olan olan bir oyunçusudur.
N.Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə Avropa Liqasının 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa" klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.
Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində də çıxış edib. O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilib. O, 19 noyabr 2023-cü ildə Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduğumuz oyunda Azərbaycan millisinin heyətində debüt edib. Nəriman həm də ona olan inamları doğrultmağa çalışan bir oyunçusudur və bəlkə də Azərbaycan futbol tarixində ən sərt tənqidlərə tuş gələn yerli oyunçular sırasında ilk pillələrdə qərarlaşıb. Amma o heç vaxt ruhdan düşməyib, bu da sonluğu…
Eyni zamanda hücumçumuz "Braqa" ilə səfər oyununda real qol epizodunu qaçıran zaman bir həftə ərzində linç edildiyini, amma cəmi 7 gündən sonra klubunun vurduğu son saniyə qolu ilə adını tarixə yazdırdığını və bir dəqiqə içərisində xalqının qəhrəmanına çevrildiyini hər halda daim xatırlayır…
Cavanşir ABBASLI
Musavat.com






