Musavat.com xəbər verir ki, Belarus ərazisində həftələrlə dayanacaqlarda gözləmə vəziyyətində qalan litvalı yük maşınlarına nəhayət çıxış icazəsi verilib. Infotrans Media Belarusun məlumatına görə, fura kolonları artıq iki əsas istiqamət üzrə hərəkət edir: “Kamenniy Loq – Medininkay” və “Benyakoni – Şalçininkay”.
Hazırda sərhəddə qarşılıqlı nəqliyyat axını nəzərəçarpacaq dərəcədə artıb. Litvadan Belarusa doğru giriş daha intensiv görünür. “Medininkay” keçid məntəqəsində nəqliyyatın “çox sıx” olduğu bildirilir, lakin bütün bu yüklənməyə baxmayaraq, məntəqədə hələlik yalnız bir pəncərə işləyir.
Xatırladaq ki, Litva oktyabr ayının sonunda “meteozond təhdidi” səbəbilə sərhədi müvəqqəti bağlamış, Minsk isə cavab olaraq litvalı sürücülərin ölkə daxilində hərəkətini məhdudlaşdırmışdı. Litva keçidi ötən cümə axşamı bərpa etsə də, furaların geriyə qaytarılması prosesinin ləngiməsi daşıyıcılar arasında ciddi narazılıq yaratmışdı.
Mövcud vəziyyətin yumşalması yükdaşıma şirkətlərinə müəyyən rahatlıq gətirsə də, sərhəd prosedurlarının tam normallaşmasının nə qədər çəkəcəyi hələlik məlum deyil.
Musavat.com






