Latviya, Litva və Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatında Ukrayna millisinin oyunçuları qarşılaşma öncəsi Ermənistan komandası ilə əl sıxmaqdan imtina etdikləri üçün qalmaqal yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni və Rusiya saytları yazıb. Məlumata görə, Ukrayna oyunçuları rəqibləri, o cümlədən Rusiya klublarında çıxış edən oyunçularla əl sıxmaq istəməyiblər.
Qalmaqal qrup mərhələsinin ilk turunda i baş verib. Həmin qarşılaşmada Ermənistan komandası geridə olsa da, ilk dəfə qatıldıqları çempionatda Ukraynaya 2:1 hesabı ilə qalib gəliblər. Matçdan sonra Ukrayna tərəfi UEFAnın intizam orqanına Ermənistan millisinin oyunçularına qarşı şikayət göndərib. Şikayətdə iddia olunur ki, Rusiya klubu “Tiumen”də çıxış edən Ermənistan oyunçusu Denis Nevedrov Ukraynaya qarşı təhqiramiz ifadə işlədib. Ukrayna komandası bildirir ki, oyunçu “Lox, Ukrayna!” ifadəsini səsləndirib.
Lakin Ermənistan tərəfi bu ittihamları qətiyyətlə rədd edib. Millinin nümayəndələri açıqlayıblar ki, Nevedrovun sözləri yanlış təqdim olunub və əslində o, « Apar, Ukrayna!» deyib, hansı ki, təhqiramiz mənası yoxdur. Həmçinin, Ermənistan nümayəndələri qeyd ediblər ki, gərgin atmosferi meydançada məhz Ukrayna oyunçuları yaradıb.
“Bütün matç boyunca Ukrayna oyunçuları təhqiramiz ifadələr işlədir və rəqiblərinə qarşı hörmətsiz jestlər edirdilər. Əl sıxmaqdan imtina isə konfliktin başlanğıcı oldu və idman əxlaqına zidd hərəkət kimi qəbul edildi”, — deyə Ermənistan komandası bildirib. Ermənistan tərəfi vurğulayıb ki, belə hallar Avropa Futzal Çempionatlarının tarixində ilk dəfə baş verir və bu, həm oyunçular, həm də turnirin rəsmi nümayəndələri üçün şok olub.
Futzal üzrə Avropa Çempionatı 21 yanvarda start götürüb və eyni vaxtda Latviya, Litva və Sloveniya ölkələrində keçirilir. Turnirdə qitənin ən güclü milliləri iştirak edir və artıq turnirin əvvəlki günlərində bir neçə mübahisəli hadisə baş verib. Ukrayna və Ermənistan matçı ətrafında baş verən qalmaqal ilk oyun günlərinin ən çox müzakirə olunan hadisələrindən biri olub.
Yeri gəlmişkən, Ermənistan–Ukrayna münasibətlərinin pisləşməsinin əsas səbəbləri bir neçə geopolitik və siyasi faktora bağlıdır. Ukrayna Rusiya ilə münaqişədə olduğu üçün, Ermənistanın Rusiyaya yaxın mövqeyi və onun bəzi hərbi və diplomatik addımlarının Rusiyanın maraqlarına uyğun olması Kiyev tərəfindən mənfi qəbul olunur.
Ukrayna 2014-cü ildən başlayaraq Rusiya tərəfindən işğal edilmiş Krım və Donbas məsələsində ciddi mövqe tutur. Ermənistan isə bu məsələdə neytral və ya Rusiyanın mövqeyinə yaxın mövqe sərgiləyir. Ermənistan diasporu da dünya ölkələrində aktiv olsa da, Ukraynada bu diasporun siyasi təsiri məhduddur. Eyni zamanda, bəzi Ermənistan rəsmiləri Ukrayna daxilindəki erməni icmalarını da Rusiyanın maraqlarına yaxın hərəkət etməyə təşviq edə bilər. Son illərdə iki ölkə arasında bir neçə dəfə rəsmi diplomatik gərginliklər yaşanıb. Məsələn, Ermənistanın bəzi beynəlxalq sanksiyalara münasibətdə Rusiyanın yanında durması Ukrayna tərəfindən mənfi qarşılanıb.
Musavat.com






