ABŞ-nin dövlət katibi Marko Rubio qarşıdakı günlərdə Macarıstan və Slovakiyaya səfər edəcək. O, Münhen Təhlükəsizlik Konfransında iştirak etdikdən sonra Mərkəzi Avropadakı əsas ABŞ müttəfiqlərini ziyarət edəcək.
Musavat.com xəbər verir ki, nüfuzlu “Politico” saytı bu səfərlə bağlı maraqlı məlumat paylaşıb.
Sayt analitiki Ketrin Coşekovanın xəbərinə görə, Rubionun Budapeştə səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki populist-millətçi baş nazir Viktor Orban seçkiqabağı sorğularda çətin vəziyyətdədir.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Rubio “ikitərəfli və regional maraqların gücləndirilməsi məqsədilə Macarıstanın əsas rəsmiləri ilə görüşəcək”.
Keçən həftə ABŞ prezidenti Donald Tramp Viktor Orbanı açıq şəkildə dəstəklədiyini bu sözlərlə ifadə edib:
“Onun yenidən baş nazir seçilməsi üçün tam və qəti dəstəyimi verirəm”.
Orbanın millətçi “Fidesz” partiyası xüsusilə miqrasiya və azlıqların hüquqları ilə bağlı sərt mövqeyinə görə, MAGA yönümlü populistlər üçün nümunəyə çevrilib. Lakin “Politico”nun sorğularına görə, hazırda Tisa Partiyası “Fidesz”dən 11 faiz irəlidədir.
Qeyd olunur ki, ABŞ administrasiyası ötən ilin noyabrında dərc olunan Milli Təhlükəsizlik Strategiyasında ideoloji baxımdan yaxın olan Avropa partiyalarına dəstək verə biləcəyinə işarə edib. Bu partiyalar sırasında “Fidesz” və Slovakiya baş naziri Robert Fitsonun rəhbərlik etdiyi Smer Partiyası da yer alır.
Sənəddə bu siyasətin Avropanı “sivilizasiya məhvi” adlandırılan prosesdən qorumağa yönəldiyi bildirilir.
Rubio Slovakiyada regional təhlükəsizlik, NATO qarşısındakı öhdəliklər və nüvə energetikası sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.
Musavat.com






